Qobustan Milli
Tarixi-Bədii Qoruğunda Müstəqillik
Günü
Oktyabrın 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi.
Qoruğun direktoru Vüqar İsayev tədbirdə çıxış edərək 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini dedi. Müstəqilliyin ilk illərində ölkəmizin böyük çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Vüqar İsayev bildirdi ki, 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı sayəsində Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Vurğulandı ki, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi əldə olunub. Ölkəmizin mədəni irsinin qorunması sahəsinə də dövlət tərəfindən xüsusi qayğı göstərilir, tarixi abidələrin qorunması, təbliği və bərpası istiqamətində mühüm işlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında ölkəmiz UNESCO kimi mötəbər qurumda uğurla fəaliyyət göstərir. Bunun nəticəsidir ki, 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınmasına xidmət edir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq dövlətimizin müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Eyni zamanda ölkəmizin mədəni irsinin qorunması və təbliği daim diqqətdə saxlanılır.
Könül Cəfərova vurğuladı ki, ölkəmizə gələn qonaqların böyük əksəriyyəti Qobustanı ziyarət edir və bu, onlarda Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsi haqqında fikir formalaşdırır.
Daha sonra ölkəmizin müstəqillik yoluna həsr olunmuş videoçarx nümayiş edildi.
Sonda qoruq ərazisinə ekskursiya təşkil olundu.
FARİZ
Mədəniyyət.- 2018.- 19
oktyabr.- S.3.