“Abdulla
Şaiqin nəsr
yaradıcılığı” monoqrafiyası təqdim olunub
Abdulla Şaiqin mənzil-muzeyində filologiya üzrə elmlər doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı keçirilib.
Muzeydən bildirilib ki, monoqrafiyada müəllif görkəmli ədib Abdulla Şaiqin nəsr yaradıcılığını konseptual şəkildə araşdırıb. “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası müəyyən əlavələrlə, 1999-cu il nəşri əsasında çap olunaraq elmi ictimaiyyətə təqdim edilib.
Mənzil-muzeyin direktoru Ülkər Talıbzadə, Abdulla Şaiq irsinin tədqiqatçıları – professorlar Təyyar Salamoğlu, Əlizadə Əsgərli, Alxan Bayramoğlu, İslam Qəribli, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva və başqaları Abdulla Şaiqin epik yaradıcılığını milli nəsr tariximizdə özünəməxsus mərhələ adlandıraraq təqdim olunan kitabı etibarlı məxəz kimi dəyərləndiriblər.
Tədbirin bədii hissəsində muzeyin könüllüsü Pərvin Niftəliyeva Abdulla Şaiqin “Köç” hekayəsindən “Məşğələlərim” parçasını səsləndirib.
Mədəniyyət.- 2018.- 19 oktyabr.-
S.5.