“Kədərdə bir, sevincdə bir

 

 

 

Oktyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Müstəqillik Günü münasibətilə “Kədərdə bir, sevincdə bir” devizi altında “Duyulmayan fəryad - Xocalı” adlı sərginin açılışı keçirildi.

Sərgi Təhsil Nazirliyi, ADMİU, Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Qazi Universiteti İncəsənət kafedrasının təşkilatçılığı ilə reallaşıb.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələrindən danışdı, türk dünyasının yaralı yeri olan Xocalı soyqırımı ilə bağlı hər iki ölkədə silsilə tədbirlərin keçirildiyini vurğuladı.

Qazi Universiteti Türk Sənəti Topluluğunun rəhbəri, dosent Məltəm Katırancı sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verdi. Bildirdi ki, Qazi Universitetinin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi rəsm müsabiqəsinə 70 əsər təqdim edilib və həmin əsərlərdən 19-u burada nümayiş olunur. Digər əsərlər isə Azərbaycanın Türkiyədəki səfirliyinə hədiyyə edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi hər iki universitetin rəhbərliyinin qardaş ölkələrin dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda zəhmətini yüksək dəyərləndirdi, səfirliyin adından Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri bizim kədərimizdir” sözləri yazılmış xatirə hədiyyəsini rektora təqdim etdi.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Tədbir azərbaycanlı və türkiyəli tələbələrin ifasında aşıq havaları və türkülərin səslənməsi ilə davam etdi.

Qeyd edək ki, oktyabrın 15-dən Qazi Universiteti İncəsənət kafedrasının müdiri, professor Alev Çakmakoğlu Kurunun rəhbərliyi ilə 16 nəfərdən ibarət nümayəndə ADMİU-nun qonağıdır. Səfərin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Müstəqillik Günü münasibətilə tədbirlərdə iştirak etməkdir. Səfər çərçivəsində qonaqlar Quba rayonunda olub, Heydər Əliyev Mərkəzi, Quba Soyqırımı Memorial Kompleksi və Tarix-Diyarşünaslıq muzeyi, Xalçaçılıq emalatxanası, Qırmızı Qəsəbə və digər yerləri ziyarət ediblər.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.2.