“Bütün xatirələrim
mədəniyyətlə, sənətlə
bağlıdır...”
Yazıçı-dramaturq Marat
Haqverdiyev: “Həmişə vətən və
ədəbiyyat qarşısında borcumu
yerinə yetirməyə çalışmışam”
Memarlıq və ədəbiyyatı bir qəlbdə yaşadan yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin bu il 80 yaşı tamam olur. Yubileyi ərəfəsində redaksiyamızın qonağı olan dramaturq ötən illərin xoş xatirələrini yada salmaqla bərabər, son illərdəki yaradıcılığından da söz açdı.
Söz və sənət mühiti
Marat Xanlar oğlu Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda anadan olub. Atası – Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev uzun illər Opera və Balet Teatrının solisti olub. “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Leyli və Məcnun”da Məcnun rollarını məharətlə yaradıb. Anası Cahan Əfruz (Dilanova) şair-dramaturq kimi tanınıb. “Şeirlər”, “Dağlar”, “İki ana”, “Sevgi sətirləri”, “İki bayram” kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə olunub. “Qanqın böyük dalğası”, “Tahirin aqibəti” və başqa əsərləri 70-ci illərdə Moskvada səhnələşdirilib. “İlham pərisi”, “Gəldim ki, deyəm, sevirəm” faciəsi sonralar Azərbaycanda və başqa respublikaların teatrlarında tamaşaya qoyulub.
İki yaradıcı insanın əhatəsində böyüyən Marat Haqverdiyev uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərarlaşdırır. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçmir. İnstitutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olur.
Marat Haqverdiyev 40 ilədək Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin bərpası, müxtəlif mədəniyyət ocaqlarının inşası, əsaslı təmiri layihələri ilə məşğul olub. Lakin o, bütün bunlarla yanaşı, bədii yaradıcılığını da davam etdirib, dramaturq kimi şöhrət qazanıb. 70-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn müəllif gənclik illərində anasının əsərlərini tərcümə edib. Sonradan o, “Ailədə məhkəmə”, “Məhəbbət, şeytan və lambada”, “Məşuqələr”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır”, “Amerikalı kürəkən” kimi sevilən pyesləri qələmə alıb, həmçinin “Səninlə və sənsiz”, “Səni gözləyirəm”, “Jiquli” əməliyyatı” bədii televiziya filmlərinin ssenari müəllifidir.
Dövrün ictimai-siyasi proseslərinə həssas münasibət
Marat müəllimi ən çox narahat edən müasir günümüzün ədəbiyyatda əksi problemidir. Dramaturq hesab edir ki, ölkəmizin mədəni, sosial-iqtisadi inkişafı bədii ədəbiyyatda təsvir olunmalı, bu hadisələr teatr səhnəsində öz həllini tapmalıdır. Söhbətimizdə də “Qarabağ şikəstəsi”, “Fədakarlıq”, “Üç dəniz əfsanəsi” əsərləri haqqında ətraflı danışdı.
Yaradıcılığının böyük bir hissəsinin ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlı olduğunu vurğulayan müəllif deyir ki, “Qarabağ şikəstəsi” 1990-1993-cü illərdə respublikamızda baş verən ictimai-siyasi hadisələrə həsr edilib. 1993-cü ildə qələmə alınan “Qarabağ şikəstəsi” ssenarisində böyük siyasətçinin Azərbaycanın ağır günlərində xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkənin xilası naminə tarixi xidmətlərindən, Qarabağ müharibəsindən, igid oğullarımızın ağır döyüş yollarından bəhs edir.
Bu ssenari əsasında Xalq artisti Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib. Filmdə bir tələbə qızın timsalında ölkədə baş verən hadisələrin mənəvi tərəfləri göstərilir. Müəllif əsər haqqında deyir: “Həmin dövrdə dostların bir çoxu deyirdilər ki, belə qarışıq bir zamanda bu cür əsər yazmağın heç yeri yoxdur. Mən isə bildirirdim ki, ölkənin ağır vəziyyətində, vətənin başının üstünü qara buludlar alanda, xalqın taleyi həll olunanda əqidə adamları - hər kəs əlindən gələni etməli, vətəndaş mövqeyini nümayiş etdirməlidir”.
Marat müəllim vurğulayır ki,
Qarabağ müharibəsində ermənilərin
xalqımızın başına gətirdiyi fəlakətləri
gələcək nəsillərə çatdırmaq
missiyası tarixçilərlə yanaşı,
yazıçıların, digər sənət
adamlarının üzərinə düşür.
Bu kontekstdə müəllifin ssenarisi əsasında lentə alınan ikinci televiziya filmi “Fədakarlıq” adlanır. Marat Haqverdiyev sonra bu ssenarinin dram variantını da qələmə yazır. Əsər Sumqayıt
Dövlət Dram Teatrında
səhnələşdirilir, premyerası isə Akademik Milli Dram Teatrında uğurla gerçəkləşir. Tamaşa televiziya kanalı ilə də nümayiş etdirilir.
“Fədakarlıq” əsərinin
yaranması ideyası
da maraqlıdır. Müəllif bildirir ki, ulu
öndərin xalqın
genofondunun, gələcəyinin
qorunması naminə səyləri, xüsusilə
gənclərin həyatını
qaraldan “ağ ölüm”ə - narkomaniyaya
qarşı mübarizə
aparmaq çağırışı
əsərin yazılmasına
rəvac verib. Əsərdə bu xəstəliyə
düçar olanların
acınacaqlı taleyindən
və daxili işlər orqanlarının
və ümumilikdə
bütün ictimaiyyətin
bu işdə səfərbərliyinə dövlət
tərəfindən göstərilən
diqqətdən söz
açılır. Vaxtilə rejissor
Lütfi Məmmədbəyov
əsəri ekranlaşdırmaq
istəsə də, onun dünyasını dəyişməsindən sonra
ekran həllini tapa bilməyib.
“Üç dəniz əfsanəsi”
“Üç dəniz
əfsanəsi” Marat Haqverdiyevin
müasir tariximizlə
səsləşən uğurlu
əsərlərindəndir. Bu pyes ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edir. Həmsöhbətim
ulu öndərin adını daşıyan
bu neft kəmərini
ölkəmizin tarixində
misli görünməmiş
nailiyyət hesab edir: “Ona görə
də bu layihənin tarixi, iqtisadi-siyasi dəyərini
nəzərə alaraq
bədii həllini verməyə çalışdım.
Bu kəmərin işə düşməsi
respublikamızın dinamik
inkişafı, xalqımızın
maddi rifahının yüksəlməsi deməkdir.
Vaxtilə layihəyə
əngəl olmağa
çalışanlar da
az olmadı.
Lakin xalqımızın mənafeyini
hər şeydən uca tutan ulu
öndər iradəli
dövlət rəhbəri
kimi siyasi-diplomatik məharət göstərərək
əks tərəflərin
bütün cəhdlərini
boşa çıxardı.
“Üç dəniz əfsanəsi” dramını
beş ilə
yazmışam. Etiraf edim
ki, heç bir əsərim üzərində bu qədər işləməmişəm.
Əsər 2014-cü ildə Gəncə Dövlət
Dram Teatrında səhnələşdirildi.
Tamaşanın sonunda
monitor vasitəsilə müasir
Azərbaycanın dünya
arenasında qazandığı
misilsiz nailiyyətlər,
respublikamızın bugünkü
inkişafı video-görüntü
ilə nümayiş olundu”.
* * *
Oktyabrın 20-də Azərbaycan Dövlət Musiqili Teatrında Marat Haqverdiyevin
80 illik yubileyi münasibətilə müəllifin
uzun illərdir repertuarda olan “Amerikalı kürəkən”
əsərinin tamaşası
nümayiş olunacaq.
50-ci dəfə oynanılacaq tamaşanın
quruluşçu rejissoru
Xalq artisti İlham Namiq Kamal, musiqi müəllifi
Xalq artisti Ramiz Mirişlidir.
“Bütün xatirələrim mədəniyyətlə, sənətlə bağlıdır. Valideynlərimin sayəsində elə bir mühitdə böyüdüm ki, sonradan həyatım bütünlüklə bu sahə ilə bağlı oldu. Mən həmişə vətən, ədəbiyyat qarşısında borcumu yerinə yetirməyə çalışmışam”, - deyən Marat müəllimin ən böyük arzusu isə “Üç dəniz əfsanəsi”nin yenidən paytaxt teatrlarında səhnəyə qoyulmasıdır. Çünki onu heç nə yaradıcılıq uğurları qədər sevindirmir. Biz də “Mədəniyyət” qəzeti olaraq yubilyar sənətkarı təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq sevincləri arzulayırıq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 19 oktyabr.-
S.7.