Moskvada “Azərbaycanın payız
sovqatları”
Şəhərcikdə ölkəmizin mədəniyyəti,
sənətkarlıq nümunələri, milli
mətbəxi və təbiətinin bar-bərəkəti nümayiş etdirilir
Heydər
Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və
Moskva hökumətinin təşkilatçılığı,
Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə
oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın
payız sovqatları” adlı şəhərcik fəaliyyət
göstərəcək.
Oktyabrın 18-də şəhərciyin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.
Aleksey Nemeryuk mərasimdə çıxış edərək bildirib ki, ilk dəfə Moskvada bu formatda Azərbaycan günləri keçirilir: “Azərbaycanın ən yaxşı istehsalçıları Moskvada öz məhsullarını nümayiş etdirirlər. Şəhərcikdə Azərbaycan məhsulları nümayiş etdirilir, ziyarətçilər ustad dərslərində iştirak edə biləcəklər. Bir neçə gün ərzində burada maraqlı tədbirlər keçiriləcək. Ümid edirik ki, belə tədbirlər mütəmadi təşkil olunacaq”.
Səfir Polad Bülbüloğlu Azərbaycan məhsullarının nümayişi üçün şərait yaradıldığına görə Moskva hökumətinə, Rusiya paytaxtının meri Sergey Sobyaninə təşəkkürünü bildirib: “Bu gün təşkil olunan sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın təzahürüdür. Mən şəhərciyin gözəl təşkilinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Heydər Əliyev Fondu bütün dünyada Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görür. Çox şadam ki, Azərbaycan mədəniyyətini təbliğ edən Heydər Əliyev Fondunun xətti ilə Moskvada da çoxsaylı tədbirlər keçirilir”.
Polad Bülbüloğlu sərgidə Azərbaycanın turizm potensialının da əks olunduğunu bildirərək moskvalıları Azərbaycana dəvət edib. O, həmçinin belə sərgilərin ənənəvi keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Şəhərcikdə Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri təqdim edilir, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq növləri üzrə məhsullar nümayiş etdirilir. Beş gün ərzində Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində konsert və sərgilər təşkil olunacaq, şəhərciyə gələnlərə Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycan
mətbəxini təqdim edən restoranlar,
çay evi, ölkəmizdə
istehsal olunan müxtəlif
məhsulların satışı təşkil edilib. Həmçinin “I Love Baku” milli suvenir brendinin
məhsulları təqdim
edilir. Heydər Əliyev Fondunun
müxtəlif nəşrləri
Moskva sakinlərinə
və Rusiya paytaxtının qonaqlarına
ölkəmiz barədə
ətraflı məlumat
əldə etməkdə
yardımçı olacaq.
Şəhərciyin fəaliyyət göstərdiyi
günlərdə bədii
proqram təqdim ediləcək, Azərbaycanın
rəqs və musiqi kollektivlərinin, Xalq artisti Ənvər
Sadıqovun rəhbərliyi
ilə “Qaytağı”
ansamblının, tarzən
Şəhriyar İmanovun
çıxışları olacaq.
Şəhərciyə gələnlər
rəngarəng ərzaq çeşidləri və suvenirlər
almaq, müxtəlif sənət növləri
üzrə ustad dərslərində iştirak etmək, fotosərgi ilə
tanış olmaq, yaradıcı kollektivlərin
çıxışlarını izləmək imkanı əldə
edəcək, peşəkar aşpazlardan milli xörəklərin
hazırlanmasını öyrənə və mətbəximizin
nümunələrinin dadına da baxa biləcəklər.
Mədəniyyət.- 2018.- 19 oktyabr.-
S.1-2.