Yaradıcı gənclərin III Respublika toplantısı

 

 

 

Oktyabrın 23-də Bakıda istedadlı yaradıcı gənclərin III Respublika toplantısı keçirilib. Tədbirin açılış mərasimində respublikamızda istedadlı yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Toplantıda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə geniş yaradıcılıq mühitinin olduğunu vurğulayıb. Nazir ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, yeni nazirliyin təsis olunduğunu, mühüm istiqamətlərin müəyyən edildiyini, dövlət proqramlarının həyata keçirildiyini bildirib.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunanAzərbaycan gəncliyi 2017-2021-ci illərdəDövlət Proqramı bütün sahələri əhatə edən, gənclərə istiqamət verən mühüm sənəddir.

Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar. Bütün bunlar yüksək yaradıcılıq tələb edən amillərdir.

“Biz öz gəncliyimizə böyük nikbinliklə baxır, onların uğurları ilə qürur duyuruq. Bu gün gənclərimiz Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil etməyə, ölkəmizin adını uca tutmağa nail olublar”, - deyə Əbülfəs Qarayev vurğulayıb.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verərək onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin yüksək təhsil almaları, yaradıcı potensiallarının realizə olunması üçün hərtərəfli şərait təmin edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” konsepsiyası bu gün uğurla həyata keçirilir.

Toplantının açılış mərasimindən sonra bölmə iclaslarında dövlət və yaradıcı qurumların nümayəndələri, gənclər və ekspertlər müxtəlif yaradıcılıq istiqamətlərində təhlillər və müzakirələr aparıblar.

Günün ikinci yarısında görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə intellektual inkişaf, elm, təhsil, kino, teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və dekorativ-tətbiqi sənət, fotos. istiqamətlər üzrə paralel görüşlər keçirilib.

İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısında ölkəmizin bütün şəhər və rayonlarından ümumilikdə 500-dən artıq istedadlı gənc iştirak edib.

 

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.1-2.