Firəngiz Əlizadə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib

 

 

 

Andrey Petrov FondununSankt-Peterburq Şəhər Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə 1994-cü ildən başlayaraq, iki ildən bir bu şəhərdə bəstəkarlar arasında simfonik orkestr üçün ən yaxşı əsər üzrə müsabiqə keçirilir.

Musiqişünas Nadejda Kuzina bildirib ki, bu il Andrey Petrov adına sayca 12-ci müsabiqənin final gecəsi Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasında təşkil olunub. Gecədə müsabiqəyə təqdim edilmiş 107 əsər arasından seçilmiş 6 əsər səsləndirilib.

Qeyd edək ki, ötən illər ərzində ümumrusiya miqyasından çıxaraq beynəlxalq status alan müsabiqəyə bu il Fransa, Çexiya, ABŞ, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Belarusdan bəstəkarlar əsərlərini təqdim ediblər.

Artıq üçüncü dəfədir ki, bu nüfuzlu müsabiqəyə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə rəhbərlik edib. Heyətdə A.Knayfel, A.Desyatnikov, P.Karmanov, F.Lednev, N.Xruşşeva, D.Yanov-Yanovski kimi tanınmış musiqiçilər yer alıb.

Final mərhələsinin konsertindən sonra çıxış edən F.Əlizadə Rusiya və Azərbaycanın bəstəkarlıq məktəblərinin dərin köklərə malik möhkəm yaradıcılıq əlaqələrindən bəhs edib. Sonra o, səslənmiş əsərlər haqqında da danışaraq gənc bəstəkarlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda qaliblər elan edilib. Birinciikinci yerlərə ABŞ-dan müsabiqəyə qatılan Nina SinyakovaYevgeni Birman, üçüncü yerə rusiyalı bəstəkar Alina Podzorova layiq görülüb. Finala vəsiqə qazanan daha üç bəstəkara, o cümlədən Azərbaycandan Ayaz Qəmbərliyə müsabiqənin diplomları təqdim edilib.

Təşkilat komitəsindən münsiflər heyətinin sədri, professor Firəngiz Əlizadənin ünvanına göndərilmiş təşəkkür məktubunda müsabiqənin nüfuzunun artmasında onun rolu da vurğulanır. “Yüksək peşəkarlığınız, istedadınız, xoş niyyətiniz və musiqiyə sədaqətiniz sayəsində bizim müsabiqənin arealı ildən-ilə genişlənərək daha çox iştirakçını özünə cəlb edir”, - deyə məktubda qeyd olunur.

Bakıda “Fantaziya” mədəni irs festivalı

Avropa İttifaqının layihəsi olan “2018 – Avropa mədəni irs ili” ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Noyabrın 1-dən 10-dək bu proqram üzrə Bakıda “Fantaziya” mədəni irs festivalı keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, festivalın zəngin proqramı var. On gün ərzində Azərbaycan ictimaiyyətini bir-birindən maraqlı, maarifləndirici və eyni zamanda əyləncəli tədbirlər gözləyir. Bu sıraya konsertlər, sərgilər, dəyirmi masalar, film nümayişləri, Bakının tarixi məkanlarına, küçələrinə bələdçi turları daxildir.

Fantaziya” festivalı Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyır. FestivalThe Landmarkhotelbiznes mərkəzi tərəfindən dəstəklənir. Təşəbbüsün rəsmi tərəfdaşları sırasına Azərbaycanın Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzi daxildir. Festival həmçinin Venesiyanın CaFoscari, ADA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və Azərbaycan Memarlıq və İnşaat universitetləri kimi elmi mərkəzlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.7.