Bakıda caz havasının
son günləri
Oktyabrın 14-dən müxtəlif ölkələrdən
tanınmış ifaçı
və kollektivlərin
iştirakı ilə
davam edən Bakı Caz Festivalının
konsert proqramları sona çatmaq üzrədir. Festival Mədəniyyət
Nazirliyi, “Jazz dünyası”
jurnalı, eləcə
də “A+A Events” şirkəti və “The
Landmark Hotel Baku”nun təşkilatçılığı
ilə gerçəkləşir.
Oktyabrın 19-da “Rotunda
Jazz Club”da festival çərçivəsində
növbəti konsert keçirilib. Gecədə Estoniyanı təmsil
edən “Laura Poldvere
Trio” qrupunun ifasında
musiqilər səslənib.
Qrupun üzvləri arasında həm Estoniya, həm də Azərbaycan musiqiçiləri
yer alıb. “Laura Poldvere Trio”nun
çıxışı tamaşaçılar
tərəfindən maraqla
qarşılanıb.
Şənbə günü eyni məkanda Fransanın ölkəmizdəki səfirliyi
və Azərbaycanda Fransız İnstitutunun dəstəyi ilə “İnitiatives” fransız caz triosunun konserti
olub.
Tanınmış pianoçu Jan-Kristof Şolenin başçılıq
etdiyi qrupa Gildas Bokle (kontrabas)
və Simon Berni (zərb alətləri) daxildir.
“Bu, Bakıya ilk gəlişimizdir. Paytaxtınıza valeh oldum, romantik
ab-havası ilə mənə Parisi xatırladır. Bakılı tamaşaçıların cazı
qiymətləndirməsi və
bu janrı duyması sevindiricidir.
Əminəm ki, bizim çıxışımız
da dinləyicilərin
xoşuna gələcək”,
- deyə Jan-Kristof Şole konsertdən öncə keçirilən
mətbuat konfransında
bildirib.
Caz festivalının
koordinatoru Leyla Əfəndiyeva diqqətə
çatdırıb ki,
gələcəkdə fransız
caz ifaçıları
ilə bir çox birgə layihələr nəzərdə
tutulur. O, Fransa səfirliyinə festivalın
keçirilməsində göstərdiyi
köməyə görə
təşəkkürünü bildirib.
“İnitiatives” triosunun
təqdim etdiyi kompozisiya və improvizələr caz həvəskarlarında rəğbət
doğurub.
Oktyabrın 22-də
“Rotunda Jazz Club”da Azərbaycan
caz musiqisi axşamı təşkil
olunub. İstedadlı cazmenlər Nurlan
Abdullazadə, Əfqan
Rəsulun triosu və Elvin Bəşirovun
qrupu tamaşaçılar
qarşısında çıxış
ediblər. Onların ifasında
populyar caz hitlərinin improvizələri
və müəllif kompozisiyaları səslənib.
Xatırladaq ki, Bakı Caz
Festivalı oktyabrın
28-də başa çatacaq.
FARİ
Mədəniyyət.- 2018.- 24 oktyabr.-
S.8.