“Azərbaycanın payız
sovqatları”ndan hər kəsə pay
Layihə qarşıdakı illərdə
də davam edəcək
Xəbər
verdiyimiz kimi, Heydər Əliyev Fondu, Azərbaycanın
Rusiyadakı səfirliyi və Moskva Hökumətinin təşkilatçılığı,
Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə
oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın
payız sovqatları” adlı şəhərcik keçirilib.
Ölkəmizin mədəniyyəti, sənətkarlıq nümunələri, milli mətbəxi, qonaqpərvərlik ənənələri və təbiətinin bar-bərəkətinin nümayiş etdirildiyi şəhərciyə ilk gündən Moskvada yaşayan yerli və xarici vətəndaşların maraqlarını hiss etmək olurdu. Şəhərciyin tərtibatı da çox maraqlı idi. Məsələn, elə girişdəcə Azərbaycan çayı – armudu stəkanın nəhəng maketi ziyarətçiləri cəlb edirdi və onların əksəriyyəti bu maket fonunda şəkil çəkdirərək şəhərciklə tanışlığa başlayırdılar. Bütün ziyarətçilərə tədbir haqqında broşürlər təqdim olunurdu.
Şəhərcikdə səliqəli şəkildə qurulan satış köşklərində Azərbaycan meyvələri – nar, üzüm, heyva, müxtəlif quru meyvələr, tərəvəzlər və s. təqdim olunurdu. Bütün köşklərin qarşısı qələbəlik idi, hətta bəzi məhsulları almaq üçün uzun növbələr vardı.
Şəhərciyin digər hissəsində Azərbaycan mədəniyyəti, milli mətbəx nümunələri təqdim olunur, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq məhsulları nümayiş etdirilirdi. Üzərinə “Çay evi” yazılan məkanda isə Azərbaycan çayı milli geyimli oğlan və qızlar tərəfindən təqdim olunurdu.
Sərgini maraqlı edən detallardan biri də ustad dərsləri idi. “Çay evi” ilə üzbəüz məkanda qapının üzərinə vurulmuş cədvəldə tədbirin gündəlik proqramı ilə yanaşı bu dərslərin mövzuları yazılırdı. Beş gün boyunca Azərbaycan milli mətbəx nümunələrinin hazırlanması üzrə dərslərdə ruslar, digər xalqların təmsilçiləri ilə yanaşı, Moskvada yaşayan soydaşlarımızı da görmək olurdu. Təbii ki, qutabları, dolma, düşbərə, manqal salatı və Azərbaycan mətbəxinin digər təamlarını dadmadan şəhərcikdən getmək mümkün deyildi. “I Love Baku” milli suvenir brendinin məhsullarına, milli baş örtüyü – kəlağayılara da xüsusi maraq vardı.
Şəhərciyin fəaliyyət göstərdiyi günlərdə zəngin bədii proqram təqdim edildi. Azərbaycanın rəqs və musiqi kollektivlərinin, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının, tarzən Şəhriyar İmanovun çıxışları moskvalı tamaşaçılar və şəhərin qonaqları tərəfindən rəğbətlə qarşılanırdı.
Bundan başqa, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri isə hər kəsə ətraflı məlumat əldə etməyə imkan verirdi.
Şəhərcikdə Azərbaycan xalq sənətləri emalatxanasında ustad dərsləri xüsusi maraq doğururdu. Xalça rəssamı Zemfira İsmayılova Azərbaycanda xalçaçılıq sənətinin tarixindən və inkişafından, xana üzərində ilmələr atmağın sirlərindən bəhs edirdi. Dilarə Baxşıyeva isə şüşə üzərinə naxışlar həkk edirdi. Onun armudu stəkanlara vurduğu milli ornamentlər adi şüşəni əsl sənət əsərinə çevirir. Onun sözlərinə görə, nəqqaşlıq sənətini öyrənmək istəyənlərin sayı xeyli artıb.
Eyni zamanda şəhərciyin fəaliyyət göstərdiyi günlərdə moskvalılara misgərlik sənəti, digər milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçirildi.
Xarici turistlər də şəhərciklə maraqla tanış olurdular. Bir sözlə, bu beş gündə Azərbaycan mədəniyyət nümunələri, əl işləri, milli mətbəx məhsulları, şirniyyatları, çayı, milli geyimləri, musiqisi ilə birlikdə Moskvada ölkəmizin ab-havası yaşandı.
“Azərbaycanın payız sovqatları” şəhərciyi Moskva ilə vidalaşmadı. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Nigar Axundovanın sözlərinə görə, layihə növbəti illərdə də keçiriləcək.
Mehparə
SULTANOVA
Moskva
Mədəniyyət.- 2018.- 24 oktyabr.-
S.8.