“Mədəniyyət” qəzeti VI Bakı
Beynəlxalq Humanitar Forumuna
xüsusi buraxılış həsr edib
Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən “Bakı Prosesi” dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün mühüm zəmin yaradır. 2008-ci ildə təməli qoyulan “Bakı Prosesi” ötən on ildə sivilizasiyalararası dialoqun qlobal platformasına çevrilib.
Bu fikir “Mədəniyyət” qəzetinin oktyabrın 25-də işə başlayan VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuş xüsusi buraxılışında vurğulanır.
Rus və ingilis dilində materialların yer aldığı xüsusi nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsünün tarixindən, bu platforma əsasında gerçəkləşən tədbirlərdən, ölkəmizin İslam dünyası və Qərb sivilizasiyası arasında dialoqun təşviq edilməsi istiqamətində səylərindən, Bakı Beynəlxalq Humanitar Forumunun bu kontekstdə rolundan bəhs olunur, VI Forumun prioritet və hədəfləri qeyd edilir. Bildirilir ki, növbəti mötəbər tədbirin “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunması çağdaş qlobal təhdidlər qarşısında birgə çözüm yolları axtarmaq və dünyanı vahid məkan, bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyindən irəli gəlir.
Xüsusi buraxılışda qeyd olunur ki, “Bakı Prosesi” təşəbbüsü Azərbaycanda tarixən mövcud olmuş mədəni müxtəliflik və tolerantlığın inkişaf etdirilməsinə, dünyada yayılmasına dövlətimizin dəstəyinin bariz göstəricisidir. Bu il yaranmasının 100 illiyi qeyd edilən müsəlman Şərqinin ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin sivilizasiyalararası dialoqa tarixi bir nümunə olduğu, Cümhuriyyətin bir əsr öncə dini, milli, sinfi, irqi, cinsi ayrı-seçkilik qoymadan bütün vətəndaşlarına bərabər hüquqlar təmin etdiyi vurğulanır.
Nəşrdə həmçinin VI Bakı Beynəlxalq
Humanitar Forumunun
qonaqlarını Azərbaycanın zəngin tarixi-mədəni
irsi barədə məlumatlandırmaq məqsədilə
müxtəlif materiallar – müsahibə, reportaj və xəbərlər dərc edilib. Bu il yaranmasının 145 ili tamam olan
Azərbaycan peşəkar milli teatrı,
120 illiyi qeyd olunan Azərbaycan kinosu,
ölkə başçısının sərəncamı
ilə yubileyləri qeyd edilən bəstəkar
Qara Qarayev, opera müğənnisi Gülxar
Həsənova, yazıçı İmran
Qasımov, aktyor Həsən Turabov və başqa
görkəmli sənətkarlar haqqında söz
açılır, respublikamızda keçirilən ənənəvi
festivallar, o cümlədən
bu yaxınlarda gerçəkləşən
Nəsimi Festivalı və davam etməkdə
olan Bakı Caz
Festivalından bəhs olunur, paytaxtın mədəni
həyatı, incəsənət tədbirləri, Forum günlərində Bakının teatr-konsert müəssisələrinin
repertuarı diqqətə çatdırılır.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.4.