Bakının mədəni irsi üçün ongünlükFantaziya

 

 

 

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının “2018 – Avropa Mədəni İrs ili” layihəsi üzrə noyabrın 1-dən 10-dək Bakıda “Fantaziya” mədəni irs festivalı keçiriləcək.

Oktyabrın 25-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən bununla bağlı İçərişəhərdəki Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində mətbuat konfransı təşkil olunub.

Mərkəzin direktor müavini Leyla Quliyeva Azərbaycanda ilk dəfə belə bir festivalın keçirilməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən nümayəndəliyin birinci müşaviri Denis Daniilidis Bakı şəhərinin “Fantaziya” mədəni irs festivalının keçirilməsinə tam hazır olduğunu söyləyib.

Məlumat verilib ki, on gün davam edəcək festivalın proqramına konsertlər, sərgilər, dəyirmi masalar, film nümayişləri, əyləncəli tədbirlər, Bakının tarixi məkanlarına, küçələrinə bələdçi turları daxildir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas deyib: “2018-Avropa Mədəni İrs ili” çərçivəsində belə bir festivalın Bakıda keçirilməsinin səbəbindən biri də Azərbaycan paytaxtının artıq Avropa şəhərinə çevrilməsidir”. “Fantaziya” festivalı Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən söz açıb. Bildirib ki, nazirlik Avropa İttifaqı ilə birgə layihələr həyata keçirir. Bakıda belə bir festivalın keçirilməsi olduqca düzgün seçimdir. Bakı şəhəri keçmişlə müasirliyin vəhdətini təşkil edir. Ölkə başçısının diqqəti və qayğısı nəticəsində mədəni irsin qorunması prioritet sahələrdən biridir. Azərbaycanda təkcə milli irs deyil, müxtəlif dinlərə və konfessiyalara aid tarixi abidələr də qorunub saxlanılır.

Konfransda festivalın yekun proqramı və tədbirlərin məzmunu iştirakçıların diqqətinə çatdırılıb.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.8.