Bənzərsiz
yaradıcılığı ilə qəlblərdə əbədi
yaşayan sənətkar
Oktyabrın 25-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, məşhur müğənni, bəstəkar Müslüm Maqomayevin (1942-2008) vəfatından 10 il ötdü. Sənətkarın anım günündə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək onun məzarını ziyarət etdilər.
Xalq artisti Eldar Quliyev çıxış edərək sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərindən söz açdı. Bildirdi ki, Müslüm Maqomayevin yaradıcılığı həm sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin hər zaman diqqətində olub. O, Azərbaycanın ali dövlət mükafatlarına, “Şöhrət”, “İstiqlal” ordenlərinə layiq görülüb. M.Maqomayevin vəfatından sonra Bakıda yerləşən musiqi məktəblərindən birinə onun adı verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub, Moskvada və Bakıda Fəxri xiyabanda abidəsi ucaldılıb.
Qeyd edildi ki, 1942-ci ildə Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə Dünya gənclər festivalının laureatı olub. 1963-cü ildə öz konsertləri ilə Moskvanı fəth edib, onun çıxışları böyük əks-səda yaradıb. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçən Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edirdi. O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Kinorejissor unudulmaz sənətkarın Bakıya olan sevgisindən danışaraq onun S.Yeseninin “Əlvida, Bakı” şeirinə yazdığı musiqinin bu sevgidən irəli gəldiyini, həmin mahnının M.Maqomayevin bir vəsiyyətinə çevrildiyini söylədi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov və digər çıxış edənlər sənətkarın yaradıcılığından danışaraq xatirələrini bölüşdülər. Onun Azərbaycan musiqisinin zənginləşməsində və təbliğində xüsusi rolu vurğulandı.
Qeyd olundu
ki, Müslüm Maqomayevin bənzərsiz
yaradıcılığı insanların qəlbində silinməz
izlər qoyub.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.4.