PEŞƏKARLIQ!..
Bu (bütün
fəaliyyət sahələrində olduğu
kimi), muğam
ifaçılığının da
mahiyyəti, realizəsidir
Mövzuya
belə bir daxili-duyğusal xitabla başlamaq istərdim;
peşəkar muğam ifaçısı kimdir və biz
(muğam əhli) zaman-zaman bizə çox şeylər (istər
maddi, istər mənəvi) vermiş muğama nə
vermişik?
Mətləbə keçidçün bir qədər “dolangəl”lik edək.
Muğam – insan təfəkkürünün, könül dünyasının bənzərsiz (əslində, izaholunmaz!) təzahür formasıdır. İfaçı isə, obrazlı desək, muğamla xalq arasında bu “rəngsiz şəkil” janrının tənzimləyicisi, onu sözün (mətnin) musiqi ilə vəhdətində çatdıran vasitəçidir.
Dünyamızın ən qədim və çox geniş areallarında yaşayan müsəlman xalqlarının danışıq (əslində, bir-birini anlam, duyum, mənəvi ünsiyyət-inteqrasiya) dili məhz muğam dilidir. XX əsrin sonlarından (xüsusən, cari yüzilliyin əvvəllərindən) etibarən dünyanın müsəlman olmayan xalqları da bu əsrarəngiz dili ruhən qavrayıb-anlamağa, MUĞAMın bütün bəşər musiqisi “dilləri”nin əlifbası, ümumortaq ünsiyyət vasitəsi, həmrəylik mənbə-mərkəzi olması qənaətinə gəlməyə başlamışlar.
55 illik ifaçılıq, 50 illik pedaqoji fəaliyyətim mənə bu illər ərzində görüb-eşitdiyim və müşayiət etdiyim xanəndələr, habelə instrumental ifaçılar haqda öz qənaət və mülahizələrimi müğamsevər oxucularla paylaşmağa haqq verir.
Öncə aydınlaşdırmağa çalışaq ki; “xanəndə”, “müğənni”, “oxuyan”, “musiqiçi” dediyimiz kimsələr kimdir, onlar nə kimi xüsusiyyət və keyfiyyətlərə malik olmalı, nələri mütləq şəkildə bilməli və nəhayət, bunların hansıları bu adlardan hansına layiqdirlər?
Xanəndə – təbii ki, geniş (və yüksək oktavalı) səs diapazonuna, dəqiq ritm xüsusiyyətlərinə, həssas musiqi duyumuna, elitar musiqi zövqünə, yüksək səs tembri və polifonikliyini eşidib-qavrama, hər növ ədəbiyyat-incəsənət nümunələrini düzgün qiymətləndirmə qabiliyyətlərinə, estetik geyim-keçim, səhnə mədəniyyəti və nitq səlisliyinə, Vətəninə, xalqına, dilinə, dininə, dövlətinə, mənsub olduğu ölkənin rəhbərinə rəğbət və hörmət hislərinə malik olmalıdır. Xalq arasında “vergili” insan kimi də çağırılan bu şəxslər muğam dəstgahlarını dərindən bilməli, onların hər birini öz kökündə (tonallığında) oxumağı, qəzəlləri – hər muğamın məcaz-məramına uyğun olaraq – sərbəst şəkildə seçməyi bacarmalı, böyük MUĞAM küllündən əlavə, onun hər növ və parçalarının da fəlsəfəsini (bu, ifaçının əsasən, 40 yaşdan sonra çata biləcəyi bir aləmdir) öyrənməlidir. Muğam ifaçısının tam yetkinliyi üçün həyat təcrübəsi, geniş musiqi dünyagörüşü də çox vacibdir (bunsuz ifaçı, sadəcə, icraçıdır). O, zəngulələri nitq ardıcıllığı, danışıq səlisliyilə vurmalı, boğazda səs “qaynatmalar”ı, ifa zamanı səsi (yeri gəldikcə) “burunasalma” (bunun ilki ustad S.Şuşinskiyə məxsusdur), qavalla özünümüşayiət elementlərini (Əbülfət Əliyev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Ağaxan Abdullayev kimi) bacarmalı, Azərbaycan muğamının ruhunu hiss edib-etdirməkdən əlavə, dünya xalqlarının musiqi mədəniyyəti nümunələrinə də bələd olmalıdır. Peşəkar ifaçı səsgücləndirici köməyinə arxayın olmamalı, akustik xüsusiyyətləri, tembr özəlliklərini fasiləsiz cəhdlərlə mənimsəməli, muğamın özəl xüsusiyyətlərinə uyğun səs dinamikasına yiyələnməlidir. O, enişli-yoxuşlu bu qədim sənət növünü mükəmməl ifa üçün yetəri nəfəsə, özünəməxsus qaltanlı səs tembrinə və xüsusən, peşəkar muğam təhsilinə malik olmalıdır ki, obrazlı demiş olsaq, çoxsaylı həmkarları içərisində “itib-batmasın”.
Çox vacib bir amil də var ki, bu, nəinki “həvəskar oxuyan”larda, hətta, hər peşəkar xanəndədə də olmur. Söhbət “dünya malı”na hərislikdən gedir. Qeyd edim ki, xanəndə və instrumental muğam ifaçıları ayrı-ayrı həmkarlarına (yəni sənətkara) qarşı deyil, sənətə qarşı qısqanc olmalıdırlar (əlbəttə, sözün müsbət anlamında). Sənətkara qarşı qısqanclıq sənəti uçuruma aparar. Muğam ifaçısı bütün yaş dövrlərində bilmədiklərini öyrənməli, bildiklərini öyrətməlidir. Mən bu aliliyi bir neçə sənətkarda müşahidə etmişəm: C.Qaryağdıoğlu, S.Şuşinski, N.Əliyev, Ə.Məmmədov, instrumental muğam ifaçılarından Ə.Bakıxanov, B.Mansurov, Ə.Dadaşov... Məsələn, C.Qaryağdıoğlunun ifasında 300-ə yaxın xalq mahnısı nota salınır və əvəzində ona zəhməthaqqı olaraq, qonorar yazırlar. Cabbar əmi isə bu puldan imtina edərək deyir: “Bu mahnılar xalqa məxsusdur, mən, sadəcə, xalqın malını xalqa qaytarmışam.”
Yaxud, S.Şuşinski 1930-cu illərdə öz dəstəsilə Quba zonasına gedir, bir ay ərzində 3 toy şənliyində iştirak edib, Bakıya qayıdırlar. Qazanılmış (3 “talış zənbili” dolu) pulu Ağanın mənzilinə qoyub (“sabah-birisigün Ağa onları çağırıb nə verər-verər” ehtimalı ilə), xudahafizləşmək istəyən sazəndələr ondan bu sözləri eşidirlər: “Kiçik zənbili qoyun qalsın, böyük zənbilləri öz aranızda bölərsiniz”...
Bir vaxtlar bütün sazəndə-xanəndələr Filarmoniya çevrəsindəki “Qubernator” (sonralar “Vahid – Poeziya evi” və “Çay evi” adlanan) bağında toplaşar, xalq musiqisi, muğam ifaçılığı ilə bağlı müzakirə-mübahisələr orada “həll” edilərdi. Hünər deyərdim o adama ki, burada içilən çayın pulunu ödəyə bilsin! Bu xərci daim Əmi (Əlibaba Məmmədov) çəkərdi.
Bu məqamda böyük sənətkarlardan Əhməd Bakıxanov və Bəhram Mansurov haqda formalaşmış fikirləri də xatırlayaq: ”Onlar çörək verəndirlər”, “Kim onların çörəyini yeyib-çayını içibsə, ondan mütləq sənətkar çıxacaq” və s.
Mən Ə.Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının da üzvü olmuş və həmişə görmüşəm ki, o, daim gənc ifaçılara arxa durar, hər vasitə ilə gənclərə yardım edər, onları müdam irəliyə, sənət uğurlarına səslərdi. Bu böyük ustad ansamblın hər üzvünün uğuruna körpə uşaq kimi sevinərdi. Bu gün həmin kollektivin yetirdiyi gənclərin əksəriyyəti (Əhsən Dadaşov olmasalar da) özlərinəməxsus sayılıb-seçilən sənətkarlardır.
Xatırladığım və şahidi olduğum bir faktı da hörmətli oxucularla bölüşmək istərdim. 1963-cü ildən ömrünün sonuna kimi Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində çalışan Nəriman Əliyev bu illər ərzində Bakı qeydiyyatı olmayan tələbələrini Buzovna qəsəbəsinə (öz xüsusi evinə) qeydiyyata saldırar və bununla da onların işlə təminatına və gələcəkdə mənzil növbəsinə dayanmalarına şərait yaratmış olardı.
Yuxarıda toxunduğum məqamların məcmusu olaraq deyim ki, ifaçı həmin keyfiyyətlərə malikdirsə, – XANƏNDƏ adı ona halaldır.
Bəs müğənni kimdir?
Bəli, bəli, xanəndəyə “müğənni”, müğənniyə “xanəndə” demək düzgün deyil.
Əsasən vokal ifaçılarına verilən “müğənni” (kökəncə ərəb sözüdür) adını kimə demək olar, kimə yox? Müğənni muğam dəstgahlarını mükəmməl ifa etməyi bacarırsa, ona “xanəndə” də demək olar. Amma xanəndə müğənni adına iddialıdırsa, o, mütləq xüsusi vokal təhsili almalıdır. Onlar vokal müəllimlərinin köməyilə səslərini spesifik çərçivəyə – məxsusi əndazəyə yönəldib (yaxud əksinə; həmin çərçivəni səs imkanlarına) uyğunlaşdırıb, cilalamalıdırlar. Nəticədə hər müğənninin özünəməxsus səs (diapazon) yüksəkliyi, fərdi səs tembri, səs xarakteri yaranar və beləliklə, müğənni yalnız özünə xas repertuara nail olar. Keçək “oxuyan” termininə. Bu adın kimlərə deyildiyinin “açması” üçün geniş bir haşiyə çıxım.
Ötən əsrin 60-cı illəri. Şəhər, rayon mərkəzi, qəsəbə və kəndlərdə yerləşən Mədəniyyət saraylarında, klublarda fəaliyyət göstərən (müəyyən fərqlərlə bu gün də mövcud olan) müxtəlif dərnəklərdə (musiqi, dram, ədəbiyyat, rəqs, tikiş, bədən tərbiyəsi, idman oyunları və s.) xüsusi istedad və qabiliyyətə malik çoxsaylı gənclər iştirak edərdi. Mərdəkan Mədəniyyət sarayının “Bahar” xalq çalğı alətləri ansamblında (rəhbərləri gözəl qarmon ifaçısı Xanlar Məlikov, sonralarsa məşhur klarnet ifaçısı Əşrəf Əşrəfzadə olduğu dövrlərdə) mən özüm də kamança ifaçısı kimi çalışmışam. Yeri gəlmişkən qeyd edim ki, Xalq artisti Məmmədbağır Bağırzadə də ilk sənət addımlarını həmin kollektivdə atıb. O dövrdə kamança ifaçılarının azlığı ilə əlaqədar, mən bir neçə özfəaliyyət ansamblında çalışırdım; məşhur “Əbilov adına mədəniyyət evi”, “R.Axundov adına Buzovna qəsəbə mədəniyyət evi” və s. Diqqətəlayiq faktdır ki, dövrümüzün məşhur xanəndəsi, Xalq artisti, mərhum Ağaxan Abdullayev solisti olduğum Əmircan Mədəniyyət sarayı nəzdindəki “Vətən” (rəhbəri - peşəkar tarzən, böyük pedaqoq, muğam bilicisi Elxan Mirzəfərov) xalq çalğı alətləri ansamblının yetirmələrindəndi.
Bu faktların ardınca mütləq qeyd edim ki, “mən özfəaliyyət kollektivində çalışıram!” deyib, xalq və “populyar” bəstəkar mahnılarını, kiçik muğam parça və təsniflərini əsasən efir-ekranlardan öyrənib ifa edən gənclər, sadəcə, icraçı rolu oynayırlar. Bu boğazdanyuxarı (həm müstəqim, həm məcazi mənalarda) “sənətkarlıq” prosesində bəzən fitri istedadlar da iflasa (müasir terminlə – deqradasiyaya) uğrayırlar…
Bu isə artıq ayrı bir yazının mövzusudur...
Arif ƏSƏDULLAYEV,
Əməkdar incəsənət
xadimi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.6.