Təhsil və elm insan kapitalının
inkişafı kontekstində
VI Bakı Beynəlxalq Humanitar Forumunun ilk plenar sessiyası gələcəyin
təhsilinə həsr olunmuşdu
VI
Bakı Beynəlxalq Humanitar Forumu Heydər Əliyev Mərkəzində
oktyabrın 25-də açılış mərasimindən
sonra işini plenar sessiyalarla davam etdirdi.
“Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzulu ilk sessiya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovun moderatorluğu ilə gerçəkləşdi.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Beynəlxalq Humanitar Forumun elmi humanitar məsələlərin müzakirə olunduğu mötəbər tədbirə çevrildiyini vurğuladı, müzakirə olunan məsələlərin dünya üçün aktuallığına diqqət çəkdi. O, məruzəsində dünyada təhsilin müxtəlif sahələri üzrə tədqiqatların cəmiyyətin inkişafına göstərdiyi təsirlər və yüksək texnologiyaların müasir dövrdə geniş tətbiqi ilə bağlı məsələlərə toxundu. Bildirdi ki, bioloji və texniki inqilabın tüğyan etdiyi müasir dövrdə humanitar elm bəzən ya bu rəqabətə dözmür, bəzən də bu sahəyə diqqətin azalmasına səbəb olur. Müxtəlif ölkələrdə bioloji elmi tədqiqatlara və elmin digər sahələrinə ayrılan maliyyə ilə müqayisədə humanitar sahəyə ayrılan vəsaitlər ixtisar edilir: “Unutmamaq lazımdır ki, mədəniyyətin inkişafını humanitar elmlər sahəsində aparılan tədqiqatlar nəticəsində əldə etmək mümkündür”.
Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirdi ki, insan kapitalına əsas töhfə təhsildir. Ölkəmizdə təhsilin inkişafı və təhsil sistemi ilə bağlı məlumat verən nazir yüz il öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu sahəyə ayrılan diqqətdən söz açdı. Vurğuladı ki, təhsildə islahatlar cəmiyyətin iqtisadi və sosial inkişafına yardım edir: “Hazırda dünyada onlarla fənn ixtisar edilir, günümüzlə səsləşən çoxsaylı modern fənlərə üstünlük verilir. Qloballaşan dünyada peşə təhsili sahəsində də ciddi islahatlar keçirilir və bu təhsil bazar münasibətlərinə uyğun şəkildə qurulur”.
Təhsil ocaqları yaradıcı düşünmə bacarıqlarını aşılamalıdır
Sessiyada daha sonra BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti İnqa Ronda Kinq, Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov, Böyük Britaniyanın Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin direktoru Fərhan Nizami, Küveyt Əmirinin müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, BMT baş katibinin xüsusi müşaviri Abdullah Almatuk, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədr müavini Aqybay Smaqulov və Monteneqronun təhsil naziri Damir Sehoviçin çıxışları dinlənildi.
Qeyd olundu ki, müasir dünyada yeni texnologiyalar vasitəsilə tətbiq olunan sistemlər əvvəlkindən daha sürətlə inkişaf etməklə bərabər, insanların öz potensiallarını tam üzə çıxarmaq üçün onları hazırlayan təhsil imkanlarının da yaradılmasını şərtləndirir. Diqqətə çatdırıldı ki, fərqli yaş kateqoriyaları, müxtəlif ehtiyaclar və eləcə də hələ məlum olmayan iş yerləri və peşə sahələri üçün təhsilin hansı qaydada təşkil edilməsi ətrafında böyük suallar ortaya çıxır. Müasir gəncliyin gələcəkdə məşğul olacağı əksər işlər hələ mövcud deyil. Bir çox sahələrin və peşələrin isə 2030-cu ilə qədər sıradan çıxması ehtimalı var. Kreativlik bu proses üçün olduqca vacibdir. Məktəblər və universitetlər yaradıcı düşünmə bacarıqlarını aşılamalıdır ki, tələbələr dəyişən iş dünyasında özlərini tapa biləcək bacarıqlara yiyələnərək əmək bazarına daxil ola bilsinlər. Bu anlayış təhsilin rolunu transformasiyaya məruz qoyur. Deməli, təkcə bilik kifayət etmir. Bununla yanaşı, təhsil mövcud biliklərdən istifadə etmək, yaradıcı, innovativ və sahibkar kimi düşünmənin yeni metodlarını tapmaq bacarıqlarının inkişafını stimullaşdırmalıdır. 21-ci əsrin tələblərinə uyğun təhsil fəlsəfəsi istiqamətində hərəkət etmək istəyiriksə, təhsil prosesi barədə yaradıcı və geniş düşüncə tələb olunur.
L.AZƏRİ
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.3.