Sarıqamış əsirlərinin xatirəsinə
“Nargin faciəsi”
tamaşası nümayiş olunub
Bakı Bələdiyyə Teatrı I Dünya müharibəsində Sarıqamışda (Qars vilayəti) yaşanan faciəyə həsr olunmuş tamaşa hazırlayıb. 1914-cü ilin dekabrı – 1915-ci ilin yanvarında baş verən döyüşlərdə Osmanlı ordusunun minlərlə əsgəri dözülməz şaxtalarda donaraq ölmüş, bir qismi isə Rusiya ordusu tərəfindən əsir götürülmüşdü, daha sonra Bakı yaxınlığındakı Nargin adasına gətirilmişdi.
Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Sarıqamış əsirlərinin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dramı təqdim olunub.
Tamaşa Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin nümayəndələri, mədəniyyət, ictimaiyyət nümayəndələri tamaşaya baxıblar.
Bakı Bələdiyyə Teatrının rəhbəri, Xalq artisti Amaliya Pənahova çıxış edərək Azərbaycan-Türkiyə dostluğundan bəhs edib, tamaşa haqqında məlumat verib.
Bildirilib ki, tamaşa Sarıqamışda əsir götürülmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
O tarixdən bəhs edən videoçarxın nümayişindən sonra tamaşa təqdim olunub.
Tamaşanın bədii rəhbəri Xalq artisti Amaliya Pənahova, rejissoru Tural Ağayevdir. Rolları əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, eləcə də Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.
Tamaşa maraqla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.1;4.