İnnovasiyalar
yaradıcı iqtisadiyyatın yeni mənbəyidir
Azərbaycanın bu
sahədə nailiyyətləri təqdir edilir
Forum çərçivəsində təşkil edilən daha bir sessiya “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi” mövzusuna həsr olunmuşdu. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun prezidenti Aleksandr Dınkinin moderatorluğu ilə keçirilən sessiyada ilk olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış etdi.
Azərbaycanda innovasiyaların inkişafına dövlət dəstəyindən danışan nazir müavini bu məqsədlə İKT Fondu və Yüksək Texnologiyalar Parkının yaradıldığını bildirdi. Qeyd olundu ki, ölkəmizdə innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqi, startapların təşviqi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Hazırda Azərbaycan kosmosu fəth edən ölkələr sırasındadır. Son beş ildə orbitə Azərbaycanın 3 peyki buraxılıb. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə peykidir.
BMT-nin İnkişaf Proqramı Avropa və MDB üzrə Regional Bürosunun direktor müavini Rastislav Vrbenski bildirdi ki, texniki inqilab hazırda hər birimizin həyat tərzinə çevrilib: “Biz innovasiya və innovativ inkişafı diqqət mərkəzində saxlayırıq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də bu sahəyə xüsusi yer ayrılıb. Burada əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları üzrə şirkətləri, mütəxəssisləri və ekspertləri bir araya toplamaq, yeni innovativ həllərdə birgə əməkdaşlığı təşviq etməkdir. Azərbaycanda da bu sahədə mühüm işlər görülür. Azərbaycanın öz brendi kimi təqdim etdiyi “ASAN Xidmət” xüsusi əhəmiyyət kəsb edir”.
Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) nümayəndəsi Yevgeni Sesitski təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə innovativ inkişafa dəstəyi barədə danışdı. Bildirdi ki, bu sahədə ən vacib məsələ bütün innovativ layihə və proqramların mülkiyyət hüquqlarının qorunmasıdır.
İnnovasiyalar insan inkişafına xidmət etməlidir
Sessiyada daha sonra “Hybrid Communications” şirkətinin direktoru Aşley Qudal, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) Aparatının rəhbəri Azad Cəfərli, “Clarivate Analytics” şirkətinin marketinq üzrə baş direktoru Culia Mair, Gürcüstan Blokçeyn Assosiasiyasının fəxri üzvü və A-Star İnvestment Fondunun təsisçisi (İCO və kriptovalyuta investisiya) Aleks Sudadze, Böyük Britaniyadan mədəniyyət və yaradıcılıq sənayeləri üzrə ekspert Teri Sandel, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsini icra edən Tural Kərimlinin məruzələri dinlənildi.
Bildirildi ki, innovasiya sağlam cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən həm yaradıcı iqtisadiyyat və həm də yaradıcı sənayelər üçün həlledici amildir. Yaradıcı iqtisadiyyat universal və çoxşaxəli, eləcə də çevik və asan tənzimlənə biləndir. 21-ci əsrdə baş verəcək dəyişiklik, ehtimal ki, 20-ci yüzillikdə qazanılmış nailiyyətlərin və əldə edilmiş nəticələrin bölüşdürülməsi və istifadəsini əhatə edəcək. Bir tərəfdən yenilikçi təfəkkürdə baş verən bu dəyişiklik semantik xarakterlidir. Çağımızın innovasiyası bəlkə də dağıdıcıdır. O, insanların fəaliyyət tərzində köklü dəyişiklikləri hədəfə alıb.
Çıxışlarda bir maraqlı fikir də vurğulandı ki, süni zəkanın inkişafı və onun nəticələri 2055-ci ilə qədər dünyada insanların 50 faizinin işsiz qalmasına səbəb ola bilər. Bu dəyişikliyi qismən rifah amili də şərtləndirir. İnnovasiyanın gəlirlərin əldə edilməsi və sərmayələrin cəlb edilməsi məqsədilə iqtisadi cəhətdən əsaslandırılması tələb olunur. İnsan inkişafı naminə innovasiyalardan ən yaxşı şəkildə yararlanmaq üçün bu qanunauyğunluqlar və dəyişilmələr təhlil edilib bir daha nəzərdən keçirilməlidir.
LALƏ
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.3.