Yanlışlıq naxış yox, məqsədli baxış olarsa...

 

 

 

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyada, gözlənildiyi kimi, KİV nümayəndələrinin sayı çox idi.

Toplum olaraq təxminən son otuz il ərzində Dağlıq Qarabağ problemi ilə bağlı yanlış məlumatlandırma, yaxud bu gün daha çox  işlədilən feyk-nyus (ingilis dilində “fake news” yanlış xəbər deməkdir) siyasətinin qurbanına çevrildiyimiz, zaman-zaman bundan əziyyət çəkdiyimiz üçün mövzuya marağın böyüklüyü anlaşılan idi. Lakin elə sessiyanın birinci hissəsində məlum oldu ki, feyk xəbər deyilən nəsnə bütün ciddi və sanballı xəbər agentliklərinin başının bəlasıdır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresinin vitse-prezidenti Mixail Qusmanın moderatorluq etdiyi sessiyada müxtəlif ölkələri və mətbuat vasitələrini təmsil edən çıxışçılar bu məsələni araşdırmağa çalışdılar.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirdi ki, informasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Rumıniyanın AGERPRES agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi yanlış məlumatlandırma üsulundan hələ qədim dövrlərdə istifadə edildiyini vurğuladı. Məsələn, bizim eradan əvvəl 32-ci ildə Qədim Romada Oktavio Avqustun Mark Antoniyə qarşı bilərəkdən yanlış məlumatlandırma kampaniyası aparıbmış. Tarixin bütün dönəmlərində əsasən siyasi opponentləri sıxışdırmaq, gözdən salmaq üçün bu üsuldan istifadə edilib.

Texnoloji inkişafın sürətlə yayıldığı, sosial şəbəkələrin artıq həlledici qüvvəyə çevrildiyi zamanda feyk xəbərlərlə təkbaşına mübarizə aparmağın mənasızlığı Estoniya parlamentinin vitse-spikeri Kalle Laanetin çıxışının əsas qayəsi idi. O təklif etdi ki, bu mübarizədən ötrü mütləq Avropa İttifaqı səviyyəsində beynəlxalq birlik yaratmaq lazımdır.

ADA-nın müəllimi Şəfəq Mehrəliyeva isə feyk xəbər yayıcılarının ən həssas hədəfinin – gözünü açandan internetlə davranan, sosial şəbəkəni canlı ünsiyyətdən üstün tutan yeniyetmələr olduğunu nəzərə almağı, informasiya agentliklərinin məhz bu yaş kateqoriyası üçün işləməli olduğunu çıxış yolu kimi göstərdi. Yalnız  belədə yalan xəbər istifadəçilərinin sayı tədricən azala bilər.

Belorus seqodnyamedia holdinqinin baş direktoru Dmitri Juk bəzən ciddi informasiya mənbələrinin etibarsız mənbəyə əsasən də xəbər yaydıqlarını xatırlatdı. Öz ölkəsində yayılan belə xəbərlərin  insanlarda təşviş doğurduğuna, hətta icazəsiz kütləvi etiraz tədbiri keçirmək  cəhdlərinə səbəb olduğuna dair misallar çəkdi.

Mixail Qusmanın, Aslan Aslanovun, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyarın, Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasnigin, Livan Milli Xəbər Agentliyinin baş direktoru Laura Sleimanın və digər natiqlərin çıxışlarında müharibə zamanı qarşı-qarşıya duran  tərəflərin bir-birinin əhalisini daha çox çaşqınlıq içində saxlamaqdan ötrü feyk xəbərlərə əl atdıqlarından, bu üsulun istənilən səviyyədə təhlükəli olduğundan danışdılar.

 İranın İRNA agentliyinin baş direktoru Seyid Ziya Haşemiyalan istənilən doğru xəbərdən qat-qat sürətlə yayılır” fikrini söyləyərək bu cür məqsədli yalanların siyasi çaxnaşma və hətta böhran yaratmaq gücündə olduğunu bildirdi.

21 ölkənin nümayəndələrinin, 14 xarici media rəhbərinin qatıldığı sessiyadakı bütün çıxışların, yerdən müzakirəyə qoşulan peşəkarların söylədiklərinin bir ümumi məxrəci var idi: özünü peşəkar sayan jurnalist, informasiya agentliyi dəqiq olmayan xəbəri yaymasa, etibar qazanmamış informasiya mənbəyinə istinad etməsə, dünyanı epidemiya kimi bürüyən yanlış xəbərlərin meydanı daralar.

* * *

XXI əsrdə informasiyanın insanlara ildırım sürətilə çatdığı, hər kəsin smartfonla rahat davranaraq hər eşitdiyini, gördüyünü tirajlamaq imkanına malik olduğu bir zamanda, məqsədli olaraq yanlış məlumat yaymağın asanlaşdığı dövrdə yenə də məsuliyyət peşəkarların boynundadır. Hər hansı, istər piar xarakterli, istər siyasi niyyətli yanlış məlumat yaymaq öz yayıcısına, atalar sözünə istinadən desək, naxış gətirmir.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.3.