Qazaxda Aşıq Şəmşirin
və Aşıq Ələsgərin büstləri
ucaldılıb
Qazax şəhərində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılışı olub. Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə əlaqədar təşkil edilən tədbirdə saz-söz sevərlər aşıq sənətinin iki görkəmli nümayəndəsinin yaradıcılığının işığına toplaşıb.
Tədbiri Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev açaraq Dədə Şəmşirin yaradıcılığından danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün xalqın ürəyində yaşayır. Ölkə başçısının sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymətin bariz göstəricisidir.
Xalq rəssamı Natiq Əliyevin hazırladığı büstlərin açılışından sonra Dədə Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir rayon Mədəniyyət mərkəzində davam etdirilib.
Tədbirdə çıxış edən akademik Teymur Bünyadov dahi şair Səməd Vurğunun bütün dünyaya tanıtdığı Dədə Şəmşirin yubileyini elə görkəmli şairin doğma el-obasında qeyd edilməsinin əlamətdar hadisə olduğunu deyib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı iki ustad aşığın sənətinə ucaldılmış qoşa abidənin açılışını yüksək qiymətləndirib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətlərindən bəhs edən M.Qasımlı bu tədbirin də həmin işlərin davamı olduğunu bildirib.
“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov tədbirin bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirib.
Sonra söz
aşıqlara verilib. Aşıq Hacı,
Avdı Musayev, Şaiq
İncəli, Ədalət Dəlidağlı, Camoy Qurbanov, Gözəl Kəlbəcərli
Şöhrət Kərimovun və “Ruhani”
saz qrupunun
çıxışları rəğbətlə
qarşılanıb. Qazax Dövlət Dram Teatrının aktyorları və
aşıq Yaşar Gülümcanov
Səməd Vurğunla Dədə Şəmşirin
1955-ci ildə İstisudakı tarixi görüşünü əks etdirən səhnəni
təqdim ediblər.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.1;3.