Yeni dünya və yeni insan
formalaşdıraq
VI Bakı
Beynəlxalq Humanitar Forumu başa çatdı
VI Bakı Beynəlxalq
Humanitar Forumu oktyabrın 26-da başa çatdı. Forumun Bəyannaməsi qəbul olundu.
Foruma yekun vuran mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, iki gün
davam edən beynəlxalq tədbirdə
90-dan çox ölkə
və 24 beynəlxalq təşkilatdan 580-dən artıq
nümayəndə iştirak
edib. “Yeni dünya
və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunan forumda müasir dünyamızı
narahat edən vacib məsələlər
müzakirə edilib.
Forumun açılışında
Prezident İlham Əliyevin söylədiyi
nitqin çox böyük maraq doğurduğunu deyən nazir bildirdi ki, iştirakçılar
xüsusilə Azərbaycandakı
tolerantlıq barədə
geniş məlumat əldə ediblər. Forumun Bakıda
keçirilməsi Azərbaycanın
tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından
xüsusi əhəmiyyət
kəsb edir.
Nazir diqqətə çatdırdı
ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda BMT baş katibinin iki müavini,
İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, həmçinin
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (BSEC), Beynəlxalq
Türk Akademiyası
(TWESCO), Türk Mədəniyyəti
və İrsi Fondu, Parlamentlərarası
Birlik (İPU), BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların
rəhbərləri, UNESCO, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri
iştirak ediblər. Tədbirə həmçinin
Sudanın vitse-prezidenti,
Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan,
Monteneqro, Özbəkistan,
Bolqarıstan, Türkiyə,
Sudan, Tacikistan, Qazaxıstan,
Ukrayna, Əfqanıstan,
Filippin və Bolqarıstandan nazir və nazir müavinləri,
Qazaxıstan, Türkiyə,
Tacikistan və Özbəkistandan ombudsmanlar,
eləcə də 15 ölkədən 40-dan çox
deputat, 46 ölkənin
diplomatik nümayəndəliklərinin
rəhbərləri, xarici
şirkət rəhbərləri,
elm xadimləri, ekspertlər
qatılıblar.
Əbülfəs Qarayev qeyd etdi
ki, sessiya və panellərdə ümumilikdə 150-dən çox
məruzə dinlənilib. Dinlənilən bütün məruzələr
çap olunacaq.
Forum gələcək dünyamızı formalaşdıracaq
kreativ ideyaları və onların həyata keçirilməsi
yollarının axtarılmasını
diqqətdə saxladı,
bəşəriyyəti narahat
edən aktual məsələlərin həlli
yolları araşdırıldı.
Nazir vurğuladı
ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
probleminə də toxunulub, bütün iştirakçılar birmənalı
şəkildə Azərbaycanın
haqq işini dəstəkləyiblər.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə
əsası qoyulan “Bakı Prosesi”nin
10 illiyinin bu il tamam olduğunu
deyən Əbülfəs
Qarayev bu prosesin müxtəlif mədəniyyətləri vahid
bir platforma ətrafında birləşdirdiyini
vurğuladı. Qeyd olundu
ki, bu təşəbbüs
dünyanın nüfuzlu
beynəlxalq qurumları
tərəfindən də
dəstəklənir.
“Bakı Prosesi”nin
uğurlu olmasını
rəqəmlər də
sübut edir. Ötən müddət ərzində bu proses çərçivəsində
təşkil olunan tədbirlərə ümumilikdə
170-dən çox ölkə
qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı
düşündürən məsələlərin müzakirə
edildiyi vahid məkana çevrilməkdədir”,
- deyə nazir bildirdi.
Sonda bütün
qonaqlara minnətdarlığını
dilə gətirən
Əbülfəs Qarayev
onları 2019-cu ildə
Bakıda keçiriləcək
V Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştiraka dəvət etdi.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.4.