“Qara Qarayev
birləşdirir...”
Azərbaycan və Rusiya
musiqi əlaqələri mövzusunda
konfrans
Qara Qarayevin ev-muzeyində bəstəkarın anadan olmasının 100 illiyinə və muzeyin açılışına həsr edilmiş “Qara Qarayev birləşdirir: Azərbaycan və Rusiyanın muzeyləri və musiqi əlaqələri” mövzusunda konfrans keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rusiya Milli Musiqi Muzeyi ilə birgə təşkil edilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova konfransı açaraq “Qara Qarayev: tarix və muzey interpretasiyasının xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
Rusiya Milli Musiqi Muzeyinin baş direktoru, Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosiasiyasının prezidenti, Əməkdar mədəniyyət işçisi Mixail Brızqalovun məruzəsi “Rusiya-Azərbaycan musiqi əlaqələri” mövzusuna həsr edilib. Məruzəçi rəhbərlik etdiyi muzeyin fəaliyyəti, klassik musiqinin populyarlaşdırılması üçün aparılan işlər barədə məlumat verib. O, ölkələrimiz arasında musiqi əlaqələrinin tarixindən ətraflı söz açaraq Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgini təqdim edib.
Sonra Lalə Kazımovanın “Qara Qarayev” kitabının təqdimatı keçirilib. Nəşrin müəllifi qeyd edib ki, bəstəkarın həyat və yaradıcılığının qısa oçerki olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fikrət Əmirov adına Uşaq incəsənət məktəbinin direktoru Adilə Yusifovanın “Üzeyir Hacıbəylinin rektor vəzifəsində xələfi”, Bakı Musiqi Akademiyasının professoru doktoru Zümrüd Dadaşzadənin “Qara Qarayev Rusiya musiqişünaslığında”, Əməkdar mədəniyyət işçisi Nərgiz Şəfiyevanın “Qara Qarayev və Azərbaycan musiqisi”, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Raya Abbasovanın “Balet həyat kimi: məkan və zaman”, Bülbülün xatirə muzeyinin böyük elmi işçisi Adilə Məmmədovanın “Rus musiqi sənətinin Bülbülə təsiri”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətlinin “Qara Qarayevin skripka ilə orkestr üçün konsertində XX əsrin musiqi tendensiyalarının uyğunlaşması” mövzularında məruzələri dinlənilib.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.5.