Forumun iştirakçıları Xalça və Milli
İncəsənət muzeyləri ilə tanış olublar
Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış mərasimindən sonra müxtəlif xarici ölkələrdən olan nümayəndələr mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.
Azərbaycan Xalça Muzeyini ziyarət zamanı qonaqlara milli xalçaçılıq məktəbləri, xalçaların hazırlanması haqqında, eləcə də muzeyin yaranması və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə qoyulub. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimov olub. Muzeyin Dənizkənarı Milli Parkdakı yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında inşa edilərək 2014-cü ildə istifadəyə verilib. Avstriyalı memar Frans Yantsın layihəsi əsasında yaradılan muzeyin yeni binası bu gün Bakının müasir memarlıq nümunələrindən biridir. Muzey zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların yüksək səviyyədə təqdimatı məkanı olmaqla bərabər, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərir.
Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyi
ilə də tanış olublar. Məlumat
verilib ki, Azərbaycan
Milli İncəsənət Muzeyi milli dəyərlərimizin
və ümumbəşəri mədəni irsin
qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey
1936-cı ildə təşkil edilib,
1937-ci ildə ilk ekspozisiyanın
açılışı olub. Muzeyin ekspozisiyası, qədim Şərq və
Azərbaycan, eləcə də Rusiya və
Qərbi Avropa incəsənətinin
müxtəlif dövrlərini əhatə edən sənət
əsərləri ilə tanışlıq qonaqlarda
xoş təəssürat yaradıb.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.5.