Azərbaycanla Monteneqro
arasında mədəni əlaqələrin geniş
perspektivi var
Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, kitabxana, incəsənət sərgiləri və klassik musiqi sahələrində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Aleksandr Boqdanoviç VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edərək, yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Monteneqro naziri mədəni marşrutların inkişafında birgə fəaliyyətdən söz açaraq “Şərab yolları” və “Zeytun yolları” kimi mədəni marşrutlarda əməkdaşlıq edilməsini xüsusi qeyd edib.
Əbülfəs Qarayev iki ölkə arasında mədəni sahədə müştərək layihələrin həyata keçirilməsinin önəmini qeyd edərək qarşı tərəfin təklifini dəstəkləyib. Nazir Azərbaycan və Monteneqro arasında mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə 2010-cu ildə imzalanmış memoranduma əlavə olaraq fəaliyyət planının imzalanmasını təklif edib.
Görüşdə muzeylər arasında əməkdaşlıq,
xalçaçılıq sənətinin təqdimatı və
qarşılıqlı film həftələrinin
keçirilməsi məsələləri də müzakirə
olunub.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.5.