“Bizim bir millət
olduğumuzu göstərən ən
önəmli sahə mədəniyyətdir”
Erkan Özoral:
“Azərbaycan kinosunun zəngin ənənələri
var. Ötən əsrdə çox dəyərli nümunələr
yaradılıb və bu gün
həmin filmləri sevə-sevə izləyirik”
Qəzetimizin bu sayının diplomat qonağı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldır. Onunla söhbətimiz əlamətdar tarix – Türkiyə Cümhuriyyətinin qurulmasının (29 oktyabr 1923) ildönümü ərəfəsinə təsadüf etdi.
- Cənab səfir, ilk növbədə Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə Sizi və səfirliyin əməkdaşlarını təbrik edir, qardaş ölkənin daha da qüdrətli olmasını diləyirik. Artıq iki ildir ki, Azərbaycana səfir təyin edilmisiniz. Ölkələrarası münasibətlərin inkişafında diplomatların mühüm rolu var. Bu baxımdan fəaliyyətinizin prioritet istiqamətləri nələrdir?
- Xoş sözlərə görə təşəkkür edirəm. Türkiyə ilə Azərbaycan arasında münasibətlər çox sağlam və gözəldir. Bu münasibətləri bar-bərəkətli bir ağaca bənzətmək olar. Ağacın köklərində isə bizim eyni yerdən gəldiyimizi, çox böyük bir ailənin iki üzvü, bir-birimizə qardaş olduğumuzu göstərən nümunəni görmüş oluruq. Çünki Türkiyə ilə Azərbaycan keçmişi bir olan iki dövlət – bir millətdir. Birimizin sevinci o birimizi də sevindirər, kədəri isə kədərləndirər. Ona görə də bizim əlaqələr bütün sahələrdə inkişaf edir. Ancaq mənim burada üzərində ən çox durmağa çalışdığım iş bizim mədəniyyət sahəsində əlaqələrimizdir. Hər zaman söyləyirəm, Anadolu türkləri ilə Azərbaycan türkləri olaraq bir-birimizi çox sevən iki qardaşıq. Bu sevgi xalqlarımız arasında elə bir kök saldı ki, 70 illik ayrılıq, sovet dönəmi bu sevgini bizdən ala bilmədi. Əksinə, daha da gücləndirdi, bizim bir-birimizə həsrətimizi çoxaldıb, sonda vüsalımıza yetişdirdi.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir-birimizi bərk-bərk qucaqlayaraq bir daha ayrılmadıq. Ancaq mən bütün bu münasibətlərimizdə hələ də yetərli olmayan məqamları görürəm. Bu da özəlliklə mədəniyyət sahəsindədir. Nədən mədəniyyət sahəsində deyirəm, çünki bizim bir millət olduğumuzu göstərən ən önəmli sahə mədəniyyətdir. Baxın, “Mədəniyyət” qəzetinin keçən saylarının birində Dədə Şəmşirin 125 illiyini anma mərasimi ilə bağlı yazı oxudum. Həmin tədbirdə mən də iştirak etmişdim, Türkiyədən də sənətçilər gəlmişdi. Çünki aşıqlar bizim ortaq mədəniyyətimizdir. Mərasimdə onlar sazları ilə öz qəlblərinin atəşini, ürəklərindən keçəni dilə gətirdilər. Bu birgə tədbirdə kimin nə demək istədiyini hamımız anladıq. Hazırda bizim üzərimizə düşən vəzifə aradakı məsafəni azaldıb tez bir zamanda mədəniyyət sahəsində bir-birimizi daha dolğun şəkildə, çox yaxından tanıtmaqdır. Ona görə də mən Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana gələn hər bir sənətçini, kollektivi alqışlayıram. Çünki bir-birimizi yaxından tanımağımız üçün bu əlaqələr vacibdir.
- Doğru buyurdunuz ki, qardaş ölkələr olsaq da, bir-birimizin mədəniyyətini daha dərindən tanımağa ehtiyac var. Bu mənada gələcəkdə qarşılıqlı mədəniyyət həftələrinin keçirilməsi planlaşdırılırmı?
- Bu istiqamətdə düşüncəmizdə genişmiqyaslı bir fəaliyyət planı var. Amma hazırda konkret bir layihə halına gəlməyib. Düzdür, zaman-zaman Türkiyədən sənətçi qruplar, musiqiçilər Azərbaycana gəlir, rəsm sərgiləri və s. keçirilir. Bütün bunları bir tədbir çərçivəsində, böyük bir layihənin tərkibində reallaşdırsaq, daha təsirli və effektiv olar. Bununla bağlı işlərimizi davam etdiririk.
- Bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illik yubileyləri hər iki ölkədə qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təşrif buyurmuşdu. Səfirlik olaraq bu istiqamətdə yeni layihələr nəzərdə tutulurmu?
- Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyinə çox böyük önəm veririk. İlin sonunadək bu tədbirlər davam edəcək. Maraqlı layihələr planlaşdırırıq. Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir sərgi reallaşdı. Yaxın günlərdə musiqiçilərimiz Azərbaycana səfər edəcəklər, daha sonra şeir günü keçirmək niyyətindəyik. İlin sonuna qədər bu kiçik fəaliyyətlər davam edəcək. Niyə “kiçik” deyirəm, çünki ən böyük layihə 15 sentyabrda iki ölkənin dövlət başçısının qatıldığı möhtəşəm parad idi ki, bunun yanında bizim gördüyümüz işləri, təbii ki, o qədər də böyük adlandırmaq mümkün deyil.
- Burada çoxsaylı mədəniyyət tədbirlərində yaxından iştirak edirsiniz. Azərbaycan musiqisi ilə tanışlığınız necədir? Dinlədiyiniz, sevdiyiniz musiqiçilər, əsərlər varmı?
- Azərbaycan musiqisi həm də böyük türk dünyası musiqisinin bir parçasıdır. Biz Türkiyədə, sovetlər dönəmində Azərbaycan musiqilərini Qars musiqisi (Qarsda çoxsaylı Azərbaycan türkləri yaşayır – red.) deyərək dinləyirdik. O zamanlar Azərbaycan musiqisi olduğu söylənməzdi. Amma biz Azərbaycan mahnılarını çox gözəl bilirdik. Bunların sırasında Rəşid Behbudovu qeyd etmək istəyirəm. Ölməz sənətkarın ifalarını təkrar-təkrar dinləyərdik. Türkiyədə Zeynəb Xanlarovanı, mərhum Məmmədbağır Bağırzadəni yaxşı tanıyırlar. Bütün bunlar bizim üçün bütöv, ortaq türk mədəniyyətinin bir parçasıdır. Özüm isə, qeyd etdiyim kimi, Rəşid Behbudov, Məmmədbağır Bağırzadə kimi ifaçılarla bərabər Azərbaycanın klassik musiqilərini, xalq mahnıları və müasir estrada müğənnilərinizi də dinləyirəm.
- Bəs ədəbiyyatımızla necə, maraqlanırsınızmı?
- Ədəbiyyatı da vaxtım olduğu qədər oxumağa çalışıram. Klassiklərdən Hüseyn Cavidi, Əhməd Cavadı, Səməd Vurğunu oxuyuram. Müasirlərimizdən isə Anarın romanlarını çox bəyənirəm və vaxt ayırıb mütaliə edirəm.
- Azərbaycan teatrları Türkiyədə müxtəlif festivallara qatılır, ara-sıra qastrol səfərlərində olurlar. Amma əlaqələr hələ arzu olunan səviyyədə deyil. Teatrlararası əlaqələri inkişaf etdirmək, qarşılıqlı səfərlər təşkil etmək bu işin xeyrinə olardı...
- Bir neçə gün əvvəl “Səkkiz ölkə - səkkiz
şəhər” devizi altında İstanbulda III Beynəlxalq Türk
Dünyası Sənədli Filmlər Festivalı təşkil
edildi. Ümidvaram ki, bu formatda ortaq
teatr festivalları da keçirə bilərik. Azərbaycan teatrları Türkiyəyə
tez-tez səfər edir. Türkiyədən isə Azərbaycana
nadir halda teatr kollektivləri gəlir.
Əslində, bu gediş-gəliş
sənətçilər arasında
gerçəkləşən dostluq əlaqələri nəticəsində baş
verir. Belə sənət adamlarımızı
bu işə təşviq edib ortaq bir festival da təşkil etmək yaxşı olar.
- Film sənayesi inkişaf edən Türkiyənin Azərbaycanla bu sahədə işbirliyinə
necə baxırsınız?
Türkiyə-Azərbaycan həmrəyliyinin
kino vasitəsilə təbliğinə ehtiyac duyulur...
- Kino sahəsində əlaqələrimizi
daha keyfiyyətli şəkildə qurmalıyıq.
İki ölkənin yaxınlığını
hazırda Türkiyədə
istehsal edilən və ən çox baxılan seriallarda da təbliğinin şahidiyik.
Bütün dünyada çox
sevilən türk serialları var və bunların bəzilərində Azərbaycan
sevgisi vurğulanır,
Azərbaycan musiqisinə
yer verilir. Məsələn, “Əbdülhəmid” adlı serialda Azərbaycanla əlaqəli
səhnə var idi. Düşünürəm ki, həm teatr, həm də kino sahəsində
əməkdaşlığı genişləndirməliyik. Kino, həqiqətən də, böyük təbliğat vasitəsidir
və biz həm öz filmlərimizdə Azərbaycanı təbliğ
etməli, həm də müştərək
layihələr reallaşdırmalıyıq.
Bu istiqamətdə bir sıra layihələr
haqqında zamanla ictimaiyyətə məlumat
veriləcək.
- Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin bu günlərdə yaydığı
məlumata görə,
türk serialları dünyanın 150 ölkəsinə
ixrac olunur və ildə 350 milyon dollar gəlir gətirir. Türkiyənin film-prodakşn şirkətlərinin
təcrübəsini bizimlə
bölüşməsini, birgə
layihələri təşviq
etmək olarmı?
- Ortaq bir film ərsəyə gətirmək
layihəmiz var. Hər
iki ölkənin kino mütəxəssislərinin
bir araya gəlməsi gözəl
nəticə verə bilər. Bu sahə
Türkiyədə özəl
şirkətlərə məxsus
olduğu üçün
biz dövlət olaraq
yalnız təşviq
edə bilərik.
Üzərimizə düşən nə
varsa, gerçəkləşdirməyə
hazırıq. Bu iş
özəl şirkətlərin
qarşılıqlı münasibətindən
daha çox asılıdır və inanıram ki, qarşıdakı illərdə
bu əlaqələr daha da geniş
vüsət alacaq. Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra kino sənayesində durğunluq yaranmışdı.
Son illərdə bu sahədə canlanma başlanıb.
Azərbaycan kinosunun çox
zəngin ənənələri
və potensialı
var. Hələ ötən
əsrdə çox dəyərli nümunələr
yaradılıb və
bu gün həmin filmləri sevə-sevə izləyirik.
Azərbaycan kinosu bu zəngin özül üzərində çox
qısa zamanda dünya bazarına çıxmağı bacarmalıdır.
- Azərbaycanın regionları
ilə tanışlıq
imkanınız olubmu?
Türkiyə və Azərbaycanın
regionları arasında
əlaqələri, xüsusən
də mədəni əməkdaşlığı genişləndirmək üçün
hansı addımları
atmaq mümkündür?
- Azərbaycanın dörd bir yanı ayrı-ayrılıqda
bir gözəllikdir. Türkiyənin 10-da biri böyüklüyündə
bir ölkə, amma bizdə olan bütün iqlim qurşaqları eyni şəkildə burada da var. İqlim fərqliliyinin yaratdığı rəngarəng
gözəlliklər insanı
valeh edir. İndi bu mövsümdə Masallıya getmək daha gözəl olar, oraların ormanlarını, payız
mənzərələrini görmək
insanın ruhunu rahatladar. Qax, Zaqatala bir başqa gözəllik.
Qışın gözəlliklərini
görmək üçün
Qubaya, Şahdağa getmədən olmaz...
Bölgələrarası əməkdaşlığa gəlincə,
Türkiyə ilə Azərbaycan şəhərlərinin
bir-biri ilə qardaşlaşmasını təşviq
edirik. Lakin bir-biri ilə
qardaş olmazdan öncə qardaşlığın
haqqını da qazanmaq lazımdır.
Yəni şəhərlər qarşılıqlı
olaraq bir-birini tanıtmalıdır. Bunlara imkan
yaratmaq üçün
çalışırıq. İndiyə
qədər gördüyümüz
işlərin yetərli
olduğunu deyə bilmərəm. Buna görə də bu sahədə daha çox çalışmağımıza ehtiyac var.
- Bəs iki ölkə
arasındakı təhsil
əlaqələrini necə
qiymətləndirərdiniz?
- Hazırda Türkiyə
universitetlərində 17 min azərbaycanlı tələbə
təhsil alır. Ötən
il isə
bu rəqəm 15 min idi. Türkiyədən isə Azərbaycanda
2 min tələbə təhsil
alır. Bu günə qədər Türkiyədə təhsil
almış azərbaycanlıların
sayı 125 mindən çoxdur. Buraya ikinci ali
təhsil alanlar, eləcə də hərbi və polis məktəblərində oxuyanlar
da daxildir. Bizim əsas məqsədimiz ölkələrimizin ehtiyacı
olan sahələr və ixtisaslar üzrə təhsili təşkil etməkdir.
- Səfirlik olaraq Azərbaycanın Mədəniyyət
Nazirliyi ilə əməkdaşlığınız barədə nə deyərdiniz?
- Mədəniyyət Nazirliyi ilə əməkdaşlığımız mütəmadi şəkildə
davam edir, müxtəlif sərgilər,
təqdimatlar təşkil
olunur. Bu günlərdə
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə
səyahət” mövzusunda
beynəlxalq elmi konfrans keçirildi.
Konfrans çərçivəsində “Şirvanşahlar irsi dünya muzeylərində”
adlı böyük sərgi təşkil edildi. Sərgidə Şirvanşahlar irsini, bu tarixi
dövrü əhatə
edən ən mühüm eksponatların
bir hissəsi İstanbulun Əsgəri Muzeyindən Azərbaycana gətirilmişdi.
- Sonda oxucularımıza sözünüz...
- Bir millətin varlığını yaşadan
onun mədəniyyətidir.
Bizlər eyni mədəniyyəti
paylaşdığımız üçün bir millətik. “Mədəniyyət”
qəzeti daim Azərbaycan mədəniyyətinin
bütün sahələrini
əhatə edən məlumatları bizlərə
çatdırır. Qəzetinizin səhifəsində bizə
yer ayırdığınız
üçün təşəkkürümü
bildirir, kollektivinizə
uğurlar arzulayıram.
Söhbətləşdi: Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.6.