Alqışa layiqDon Kixot

 

 

 

Sentyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni tamaşanı təqdim etdi. Teatr bu dəfə görkəmli yazıçı, dünya ədəbiyyatı xəzinəsinə ölməz qəhrəman bəxş etmiş Migel de Servantesin yaradıcılığına üz tutub. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov ispan yazıçının “Don Kixot” romanını səhnələşdirərək ikihissəli tragikomediya hazırlayıb.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, plastik həllin müəllifi Ceyhun Dadaşovdur. Musiqi tərtibatında dahi bəstəkar Qara QarayevinDon Kixotsimfonik qravürlərindən, Giya Kançelinin və digər bəstəkarların əsərlərindən istifadə olunub.

Əsas rollar Xalq artisti Qurban İsmayılov (Don Kixot) və Əməkdar artist Şövqi Hüseynova (Sanço Pansa) həvalə olunub. Dörd əsrdən bəri bütün dünyaya xeyirxahlıq və mərhəmət işığı paylayan, müdrikliklə dəliliyin sürüşkən keçidində bəzən büdrəyən, özünü cəngavər sayan əsilzadə Don Kixotuonun sədaqətli nökərini əhatə edən qəhrəmanların rollarında Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Elnur Hüseynov, Elşən Hacıbabayev, Ramil Məmmədov, İlham Əsədov və b. çıxış edirlər.

Gənc Tamaşaçılar Teatrının təfsirindəki “Don Kixot” tamaşasını XXI əsrdəki sosial problemləri, bu günün insanını narahat edən məsələlərin qabardıldığı səhnə əsəri kimi səciyyələndirmək olar.

Uğurla keçən premyeraya Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tanınmış ziyalılar təşrif buyurmuşdular.

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.7.