“Səyyah Sindibad”
Bakıda səhnəyə çıxdı
Musiqi mədəniyyəti tariximizdə yeni sənət hadisəsi olan “Səyyah Sindibad” rok-operası oktyabrın 27-də Heydər Əliyev Sarayında nümayiş olundu.
Mədəniyyət Nazirliyinin sifarişi ilə yazılan “Səyyah Sindibad” əsərinin müəllifi bəstəkar və müğənni Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın motivləri məşhur “Min bir gecə” nağıllarının ən maraqlı bölümlərindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.
Multikultural layihə olan rok-operada dünya klassiklərinin poetik nümunələri, Azərbaycan, rus, ingilis, italyan, çex dillərində mətnlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri yer alıb. Səhnə əsərində Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Rok-operanın ifaçıları arasında Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə kimi tanınmış musiqiçilər və başqaları var. Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır.
Musiqinin bütün janrlarının yer aldığı 1 saat 40 dəqiqəlik səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Qeyd edək ki, əsərin müəllifi Rizvan Sədirxanov musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. Dramatik tenor İtaliyada musiqi təhsili alıb, vokal müsabiqələrinin qalibi olub, o cümlədən Benyamin Cili adına nüfuzlu tenorlar müsabiqəsində xüsusi mükafata layiq görülüb. Rizvan Sədirxanovun Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin inciləri, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb.
Bəstəkarın Türkiyə, İtaliya, Rusiya və İsraildə konsertləri, irimiqyaslı digər musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub. Azərbaycan və xarici ölkələrdən olan tələbələri dünyanın məşhur musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.
FARİZ
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.8.