Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı keçirildi

 

 

“O həm də istiqlal mücahidi, Azərbaycan xalqının taleyüklü məsələlərinə həssas yanaşan, milli mənafeləri müdafiə edən ziyalı idi

Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçirildi.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, şairin ailə üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirdi ki, Şəki şəhəri Azərbaycanın ədəbiyyat, mədəniyyət tarixində öz yeri olan böyük şəxsiyyətlərin vətənidir. Gələcək nəsillər üçün zəngin irs və dəyərli nümunələr yadigar qoyan bu insanların xatirəsi həm ölkəmizdə, həm də burada – Şəkidə daima əziz tutulur: “Şəki şəhəri Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə böyük şəxsiyyətlər, dühalar bəxş edib. Onlardan biri də Bəxtiyar Vahabzadədir. Bəxtiyar Vahabzadə Azərbaycan və ümumən türk  dünyası ədəbiyyatında özünəməxsus yeri, dəst-xətti olan şairlərdəndir. İstisnasız olaraq millətin bütün nümayəndələrinin, hər bir vətəndaşın sevgisini, rəğbətini qazanmış nadir söz sənətkarlarındadır. O həm də istiqlal mücahidi, Azərbaycan xalqının taleyüklü məsələlərinə həssas yanaşan, milli mənafeləri müdafiə edən bir ziyalı olmuşdur. Bəxtiyar Vahabzadə nə qədər millətini, vətənini sevirdisə, xalq da, ölkə də o qədər onu sevir. Açılışına toplaşdığımız ev-muzeyində də bu məqamların imkan daxilində əks etdirilməsinə çalışılıb”.

Nazir vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman vətənin dəyərli ziyalılarının xatirəsinin əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif sərəncamlar imzalayır. Belə sərəncamlardan biri də “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” 27 oktyabr 2015-ci il tarixli sərəncamdır.

Əbülfəs Qarayev bildirdi ki, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən Bəxtiyar Vahabzadə vaxtilə öz yaşadığı evi uşaq bağçasına vermişdi. Ölkə başçısının tapşırığı ilə həmin evdə muzey yaradıldı. Uşaq bağçasına isə ayrıca, müasir üslubda yeni bina inşa olundu.

Əbülfəs Qarayev qeyd etdi ki, dövlət tərəfindən görkəmli şairin yaradıcılığına diqqət və qayğı yalnız bu muzeylə məhdudlaşmır. O, hər zaman müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq fərmanla respublikamızın ən ali təltiflərindən olanİstiqlal” ordeninə layiq görülüb. Bəxtiyar Vahabzadənin Bakıda yaşadığı evə xatirə lövhəsi vurulub, şəhərin küçələrindən birinə onun adı verilib. Şəki şəhərində şairin büstü ucaldılıb, adına park salınıb, 2015-ci ildə şairin 90 illik yubileyi respublikamızda təntənəli şəkildə qeyd edilib.

“Həmin qayğının daha bir nümunəsi olaraq açılan bu muzeyə görə ölkə başçısı cənab İlham Əliyevə çoxminli mədəniyyət ictimaiyyəti adından dərin təşəkkürümüzü bildirirəm. İnanırıq ki, muzey həm yerli əhalinin, həm də qonaqların böyük marağına səbəb olacaqdır”, - deyə nazir vurğuladı.

Əbülfəs Qarayev Şəki şəhərinin UNESCO-nun Dünya irsi siyahısına salınması istiqamətində işlərin davam etdiyini də diqqətə çatdırdı. Azərbaycan xalqının mədəni irs nümunələrinin UNESCO siyahılarına salınmasında göstərdiyi böyük əməyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirən nazir sonda bütün şəkililəri, bəxtiyarsevərləri muzeyin açılışı münasibətilə təbrik etdi.

* * *

Mərasimdə çıxış edən akademik Abel Məhərrəmov Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycanın ədəbiyyat və ictimai fikir tarixində tutduğu mövqedən danışdı. Bildirdi ki, Bəxtiyar Vahabzadənin sovet dövrünün çətinliklərindən, qadağalarından, repressiv üsullarından qorxmayaraq qələmə aldığı “Gülüstan” poeması Azərbaycanın ikiyə bölünməsini, bunun nəticəsində yaşadığı fəlakətləri çox gözəl bədii dillə millətə çatdırıb. Bu poemaya görə böyük şair hətta cəzalandırılmış, 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən işdən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdi. Akademik daha sonra dedi: “Millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edən, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirən Bəxtiyar Vahabzadənin yaradıcılığı hər zaman oxucular tərəfindən diqqətlə izlənilmiş və rəğbət qazanmışdır”.

Akademik Nizami Cəfərov çıxış edərək görkəmli şair haqqında xatirələrini bölüşdü. Bildirdi ki, universitetdə təhsil alarkən müəllimi Bəxtiyar Vahabzadədən elmin sirləri ilə yanaşı, həm də əsl həyat dərsi alıb. Bildirdi ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında, tarixində böyük izlər qoymuş əsl vətəndaş, millətini sevən, onun maraqlarını hər şeydən üstün tutan şəxsiyyət idi. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük şairidir.

Daha sonra çıxış edən Şəkinin icra başçısı Elxan Usubov son illər şəhərdə həyata keçirilən tikinti-quruculuq işləri haqqında məlumat verdi. Bildirdi ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Şəki şəhəri gündən-günə öz simasını dəyişir, inkişaf edir. Bu gün açılan Bəxtiyar Vahabzadənin ev-muzeyi görülən işlərə daha bir töhfədir.

Şairin ailəsi adından çıxış edən qızı Gülzar Vahabzadə bildirdi ki, Bəxtiyar Vahabzadə erkən yaşlarında ailəliklə Şəkidən köçsə də, daim doğulduğu yurda bağlı qalmış, buradan ilham almışdır. O, muzeyin yaradılmasına görə ailəsi adından ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirdi.

* * *

Qeyd edək ki, ev-muzeyində bərpa, yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılıb. Bəxtiyar Vahabzadənin anadan olduğu Ə.Haqverdiyev küçəsi, 73 ünvanında yaradılan muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan ibarətdir. Həmçinin inzibatifond otaqları mövcuddur. Muzeyin ekspozisiyası şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, fotoarxiv sənədləri, şəxsi əşyalar əsasında formalaşdırılıb. Burada ümumilikdə 735 ədəd eksponat nümayiş olunur.

* * *

Nazir Əbülfəs Qarayev daha sonra Şəki şəhərində 40 yerlik uşaq bağçasının açılış mərasimində iştirak etdi. 2 mərtəbədən ibarət bağça binasının ümumi sahəsi 1196 kvadrat metrdir. Tikinti işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi əsasında aparılıb. Binada tibb, musiqi, mətbəx, yemək və oyun otaqları, idman zalı və digər yardımçı otaqlar yaradılıb. Bağçanın həyətində uşaqlar üçün əyləncə sahəsi yaradılıb.

Görülən işlərdən razılığını bildirən Əbülfəs Qarayev kollektivə uğurlar arzuladı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.3.