Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə
Nəsimi Festivalı keçiriləcək
Sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə Nəsimi Festivalı (şeir, incəsənət və mənəviyyat) keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.
Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Bakının müxtəlif məkanlarında, eləcə də Şamaxıda proqramlar təşkil olunacaq.
Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.
Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq. Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Həmçinin muğam və mənəviyyata səsləyən musiqilər ifa olunacaq.
Şamaxının Meysəri kəndində “Həssas dəb” adı altında Beynəlxalq etik dizayn məntəqəsinin açılışı da keçiriləcək. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ÝÊÎ. Ìîäíûé ìàðøðóò”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq.
Daha sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə, İrşad Hüseyn (Azərbaycan), Ali Phi (İran), Sati Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Abdel Karim (Livan), “Hanoy” dueti (Vyetnam), Görkem Şen (Türkiyə), “Ar Bərd” dueti (Fransa) iştirak edəcəklər.
Sentyabrın 28-də Bakıdakı Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirə oxuyacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Canlı həyat” (“Live Life”) sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda – Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Foundation) təqdim etdiyi “Hürufiyyə” sərgisi isə 26 rəngkarlıq və qrafika əsərindən ibarət olacaq. Ekspozisiyada həmçinin Azərbaycanın Əməkdar rəssamı Tərlan Qorçunun bir neçə rəsm tablosu təqdim olunacaq.
Sonra proqram “ambient musiqi” janrının yaradıcısı, britaniyalı bəstəkar Brayan İnonun (Brian Eno) “77 milyon rəsm” musiqi və video-art instalyasiyası ilə davam edəcək.
Həmin gün axşam Heydər Əliyev Mərkəzində festivalın rəsmi açılış mərasimi keçiriləcək. Proqramda Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun “Nəsimi haqqında dastan” əsəri, Əməkdar artist Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.
Eyni gündə Kamera və Orqan Musiqisi Zalında əməkdar artistlər Rain Sultanov və İsfar Sarabskinin mənəviyyat və əbədi dəyərləri vəsf edən “Silsilə” (“Cycle”) musiqi layihəsinin təqdimatı olacaq.
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam (Nandan Gautam) ilə “Bədii yoqa sessiyası” keçiriləcək.
Həmin gün Şirvanşahlar sarayında alman bəstəkarı Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus den sieben Tagen”) əsərini beynəlxalq musiqiçilər heyəti ifa edəcək. Bəstəkar əsərdə bir not belə yazmadan, öz vəzifəsini ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib etməkdə görüb. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir. Layihədə Azərbaycandan əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyyublu və xarici ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato ( Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.
Sentyabrın 29-da həmçinin Daş Salnamə Muzeyində amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq. Muzeydə, eyni zamanda Nəsimidən ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi təqdim olunacaq. Səhnədə beş muğam ifaçısı – Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov (nağara) ilə yanaşı, elektron musiqi ifaçısı Fərhad Fərzəliyev çıxış edəcək.
Həmin gün Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs edən qrupun çıxışı olacaq.
Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq. “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq olacaq, Paraqvayın uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestrinin (tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestr) konserti təqdim ediləcək.
Festival günlərində İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək.
Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi
layihəsi çərçivəsində İmadəddin Nəsiminin
xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri
mükafatlandırılacaq.
Mədəniyyət.- 2018.- 5 sentyabr.-
S.5.