Vətəndaşlarla hər görüş problemlərin həlli və yeni təşəbbüslər üçün zəmin yaradır

 

 

 

Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü avqustun 31-də Zaqatala rayonunda gerçəkləşdi. Nazir Şəki, Zaqatala, Balakən, QaxOğuz sakinlərini qəbul etdi.

Qəbuldan öncə Əbülfəs Qarayev Zaqatala şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.

Şəkidən qəbula gələnlər Şəki Regional Mədəniyyət İdarəsinin “Mədəniyyət qalası” qəzetinin nazirliyin mətbu orqanları sırasına daxil edilməsi, regionlarda istehsal olunan sənətkarlıq nümunələrinin Bakıda satışının təşkil olunması, uşaq musiqi və incəsənət məktəblərində attestasiyaların keçirilməsi, tarixi ənənələr əsasında yeni milli geyim növlərinin, onların çeşidlərinin, elementlərinin hazırlanmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.

Zaqatala sakinlərinin müraciətləri kompüter proqramlarının öyrənilməsi məqsədilə kitabxanalarda çalışan multimedia mütəxəssislərinin hazırlıq və ixtisasartırma kurslarına cəlb olunması, nadir nüsxəli, çətin tapılan kitabların kiril əlifbasından latın əlifbasına çevrilməsi üçün skan aparatının alınması barədə idi.

Balakəndən qəbula yazılan vətəndaşlar tərəfindən rayonda rəsm qalereyasının yaradılmasına, əhalinin rəqsə marağını nəzərə alaraq bölgədə rəqs festivalının keçirilməsinə, xalq yaradıcılığı dərnəkləri və birlikləri üçün müasir dövrün tələblərinə uyğun metodiki vəsaitlərin hazırlanmasına köməklik göstərilməsi barədə müraciətlər oldu.

Qax sakinləri uşaq incəsənət məktəbi üçün yeni tədris binasının tikilməsi, uşaq musiqi və incəsənət məktəbləri üçün ustad dərslərinin keçirilməsi, respublikada xalq teatrları festivallarının mütəmadi təşkili və digər məsələlərlə bağlı xahişlərini bildirdilər.

Oğuz sakinləri kitabxana fondlarının tibb və kənd təsərrüfatına aid ədəbiyyatlarla komplektləşdirilməsi, rayonda keçirilən “Şəfa” bayramının daha geniş şəkildə qeyd olunması, rayonda rəsm qalereyasının yaradılması barədə xahişlərini diqqətə çatdırdılar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.

Jurnalistlərə açıqlama verən Əbülfəs Qarayev yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər həll edilir.

Nazir dedi ki, budəfəki görüşdə də bir sıra maraqlı təkliflər, müraciətlər oldu.

Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair təkliflər səsləndirildi. O cümlədən mədəniyyət müəssisələrinin əməkdaşlarının kompüter biliklərinin təkmilləşdirilməsi, mətbu orqanlar vasitəsilə mədəniyyətin daha geniş təbliğ olunması, kitabxanalara müvafiq sahələr üzrə kitabların verilməsi, rəsm qalereyalarının fəaliyyəti ilə bağlı məsələlər diqqətə çatdırıldı.

Nazir tarixi abidələrin təmir-bərpa olunması məsələsinə toxunaraq vurğuladı ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Bununla yanaşı, tarixi abidələrin qorunmasında ictimaiyyətin də yaxından iştirakı vacibdir.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.6.