Teatrlarda yeni mövsümün sənət həyəcanı
Sentyabrın əvvəli ənənəvi olaraq teatrlarda yeni mövsümün sənət həyəcanı yaşanır. Bəzi kollektivlər artıq istirahətdən qayıdaraq yaradıcı işə başlayıb, digərləri də yaxın günlərdə mövsümün açılışını edəcək.
Milli Dram Teatrında ənənəvi açılış – “Qarabağnamə”
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu il də ənənəsinə sadiq qalaraq yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq. Teatrdan bildirilib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan tamaşa sentyabrın 15-də nümayiş olunacaq. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla dinc münasibətləri bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Gənc Tamaşaçılar Teatrında ilk olaraq yubileyə hazırlıqlar başlanıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.
Prezident İlham Əliyevin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90 illiyinin qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirin rejissoru Xalq artisti Vaqif Əsədovdur.
Yeni mövsümdə ilk tamaşalar isə sentyabrın 22-də nümayiş olunacaq. Gündüz uşaqlar üçün P.Cullifordun “Şirinlər” tamaşası göstəriləcək. Axşam isə Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış səhnə əsəri təqdim ediləcək.
Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsəri əsasında tamaşanın məşqlərini davam etdirir. Həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.
Musiqili Teatr pərdələri “O olmasın, bu olsun”la açacaq
Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə 20 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.
Üzeyir bəyin bu ölməz əsəri Xalq artisti Afaq Bəşirqızının (Sənəm) və Əməkdar artist Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.
Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşaları nümayiş olunacaq. Yaradıcı kollektiv sentyabrın axırıncı həftəsonu – ayın 28-də “Ər və arvad” (Ü.Hacıbəyli), 29-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 30-da “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.
Sumqayıt Dövlət Dram Teatrının yubiley mövsümü
Bu il yaranmasının 50-ci ildönümü tamam olan Sumqayıt Dövlət Dram Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vuraraq işə başlayıb.
Bununla bağlı keçirilən toplantıda teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 50-ci yubiley mövsümü münasibətilə kollektivi təbrik edərək, yeni mövsümdə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə söz açıb.
Bildirib ki, builki mövsüm teatr və Sumqayıt şəhəri üçün xüsusi önəm daşıyır. Ölkə başçısı Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Kollektiv oktyabr ayına nəzərdə tutulan yubiley tədbirinin keçirilməsi üçün hazırlıq işlərinə başlayır. Vurğulanıb ki, Sumqayıt Dövlət Dram Teatrının yubileyi şəhərimizin adına və teatrımızın tarixinə layiq olmalıdır: “Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarıməsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”.
Daha sonra teatrın rəhbəri daxili nizam-intizama riayət edilməsini xüsusilə qeyd edərək hazırlanan tamaşalar barədə məlumat verib, kollektivə yeni mövsümdə yeni sənət uğurları arzulayıb.
Kukla Teatrında repertuar tamaşaları
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.
Teatr 15 sentyabrda Şarl Perronun “Qırmızıpapaq” və “Durna balığı” rus xalq nağılının tamaşaları ilə balaca sənətsevərləri salamlayacaq.
Ertəsi gün “Əlibaba və qırx quldur” ərəb xalq nağılı və “Şəngülüm, Məngülüm” Azərbaycan xalq nağılı nümayiş olunacaq.
Repertuarda həmçinin A.Şaiqin “Tıq-tıq və Taq-taqın
nağılı” (21 sentyabr), Kəmalə
Ağayevanın “Göyçək Fatma”
(22 sentyabr) və digər tamaşalar
var.
Mədəniyyət.- 2018.- 5 sentyabr.-
S.8.