Ölkəmiz Beynəlxalq Uşaq Kitabı Şurasının konqresində təmsil olunub

 

Azərbaycanın Yunanıstandakı səfirliyinə kitablar təqdim edilib

 

29 avqust – 2 sentyabr tarixlərində Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Uşaq Kitabı Şurasının (International Board on Books for Young People – İBBY) 36-cı konqresi keçirilib. Konqresdə Azərbaycan milli bölməsini F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini, İBBY üzrə əlaqələndirici, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova təmsil edib.

Respublika Uşaq Kitabxanası 2012-ci ildən İBBY-nin üzvüdür. Qurum 1953-cü ildə İsveçrənin Sürix şəhərində yaradılıb. Hazırda dünya üzrə 80-ə yaxın milli bölməsi fəaliyyət göstərir. Təşkilatın iki ildən bir konqresi keçirilir.

İBBY-nin 36-cı konqresiUşaq kitabları ətrafında Şərqlə Qərbin görüşməsi” mövzusuna həsr olunub.

Tədbiri Beynəlxalq Uşaq Kitabı Şurasının Yunanıstan bölməsinin rəhbəri Vasiliki Nika açaraq diqqətə çatdırıb ki, Afina şəhəri kitab sənayesinin, ədəbiyyatın və oxunun dəstəklənməsi istiqamətində fəaliyyətinə görə 2018-ci ildə UNESCO-nunDünya kitab paytaxtı” elan edilib. Bildirib ki, 1976-cı ildə İBBY-nin 17-ci beynəlxalq konqresi Afinada keçirilib, 42 il sonra Yunanıstan paytaxtı yenidən bu mötəbər tədbirə ev sahibliyi edir. Vurğulanıb ki, Afina hələ də Akropolis təpəsinin kölgəsi altında nəfəs alaninkişaf edən, müasir incəsənət və mədəniyyət dünyasında əhəmiyyətli nailiyyətlər əldə edən bir şəhərdir: “Yunanıstan mədəniyyətlərin kəsişməsində, həmişə Şərq və Qərblə birgə, parlaq mavi dəniz küləklərində səyahət edən insanlar haqqında hekayələr, mif və əfsanələr təqdim edir. Onları qoruyub saxlayırıq ki, hələ də çoxillik günəş işığında aydın görünə bilək”.

Qeyd edək ki, 1956-cı ildə Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən “Andersen  qızıl medalı təsis edilib və hər iki ildən bir “Ən yaxşı uşaq yazıçısı”, 1966-cı ildən isə “Uşaq kitabı rəssamı” nominasiyası ilə qaliblərə təqdim edilir.

2018-ci ildə Rusiyadan tanınmış rəssam, animator, uşaq kitablarının illüstratoru İqor OleynikovAndersen medalı”na layiq görülüb. Uşaq yazıçıları arasında birinciliyi isə yapon yazıçısı Eyko Kadono qazanıb.

Avqustun 31-də “Andersen” qızıl medalına layiq görülənlərin mükafatlandırılma mərasimi olub.

İBBY-nin 36-cı konqresinin 12 sessiyada təqdim olunan məruzələri və aparılan  müzakirələr isə üç istiqaməti əhatə edib: uşaq ədəbiyyatında fərqlilik, bərabərlik və müxtəliflik; dil, millət və mədəniyyətlər arasında tərcümə, köçürmə, qəbul və müqayisə; uşaqları və gəncləri beynəlxalq və çoxmədəniyyətli ədəbiyyatla cəlb etmək.

Konfransda təşkilatın milli bölmələri tərəfindən hazırlanmış sərgi stendləri qonaqlar tərəfindən çox maraqla qarşılanıb. 

* * *

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İBBY üzrə əlaqələndiricisi Zahirə Dadaşova konqres ərəfəsində ölkəmizin qədim tarixi, ədəbiyyatı, incəsənəti və s. barədə kitabları Azərbaycanın Yunanıstandakı səfirliyinə təqdim edib. Görüşdə qeyd edilib ki, Respublika Uşaq Kitabxanası Azərbaycan ədəbiyyatı guşələrinin yaradılması məqsədilə bir çox dövlətlərin kitabxanalarına uşaq ədəbiyyatı nümunələri hədiyyə edib. Azərbaycanın Yunanıstandakı səfirliyinə respublikamızın tarixi, mədəniyyəti ilə bağlı nəşrlər, həmçinin kitabxananın çap etdirdiyi kitablar hədiyyə olunub.

Müvəqqəti işlər vəkili Eldar Əliyev səmimi münasibətə görə kitabxananın rəhbərliyinə təşəkkür edib, ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb.

Diplomat Yunanıstanın Saloniki şəhərində keçirilən kitab sərgilərindən söhbət açıb. Bildirilib ki, ədəbiyyatımızın təbliği məqsədilə Yunanıstanın böyük kitabxanalarına Azərbaycan ilə bağlı kitab kolleksiyası hədiyyə edilib.

Eldar Əliyev deyib ki, Azərbaycanın dövlətçilik, multikulturalizm ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, mədəni irsimiz, ermənilər tərəfindən dağıdılan mədəniyyət abidələrimiz və s. haqqında nəşrlərin xarici ölkə kitabxanalarına hədiyyə olunması xüsusilə önəmlidir.

Z.Dadaşova eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyada təqdim edilməsi istiqamətində gələcəkdə bir sıra addımların atılması barədə təkliflər irəli sürüb.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.10.