Ədəbi tərcümə mədəni
diplomatiya vasitəsi kimi
Moskvada bədii ədəbiyyat tərcüməçilərinin
konfransı keçirilir
Sentyabrın 6-dan 9-dək Moskvada bədii ədəbiyyat tərcüməçilərinin V Beynəlxalq konfransı keçirilir. “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında təşkil olunan konfransda Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov da iştirak edir.
Tədbir barədə məlumat verən Rafiq Novruzov bildirib ki, Moskvada ilk belə tədbir 2010-cu ildə keçirilib. Hər iki ildən bir gerçəkləşən bu tədbirdə bədii tərcümənin aktual problemləri müzakirə edilir. Ötən müddətdə konfransa cəlb olunan ölkələrin sayı üç dəfə artaraq 60-a çatıb.
Budəfəki konfrans 31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bir vaxta təsadüf edir. Konfransın birinci günü sərgi-yarmarka çərçivəsində A.Puşkin adına kitabxanada tədbir iştirakçılarının Moskva meri ilə görüşü keçiriləcək. Bundan əlavə, konfrans çərçivəsində müasir rus yazıçıları Oleq Pavlov, Kseniya Draqinskaya, Aleksey Salnikov, Lev Danilski, Aleksandr Arxangelski və digərləri ilə də görüşlərin təşkili planlaşdırılır.
R.Novruzov qeyd edib ki, bədii ədəbiyyat insanlar və xalqlar arasında qarşılıqlı anlaşmada çox önəmli rol oynayır. Bu baxımdan tərcüməçi bu gün müxtəlif ölkələrin oxucuları arasında vasitəçi, mədəni diplomatiyanın fəal xadimidir.
Alim bildirib ki, Azərbaycanda həmişə rus dilindən tərcümə üstünlük təşkil edib. Bu gün ingilis, alman, fransız, fars, ərəb və s. dillərdən birbaşa tərcümə edən istedadlı tərcüməçilərimizin sayı xeyli artıb. Ancaq rus dili hələ öz üstünlüyünü saxlamaqdadır. Onun vasitəçilik missiyası azalsa da, klassik və daha çox müasir rus ədəbiyyatına Azərbaycan oxucusunun marağı azalmayıb.
Professor R.Novruzov
konfransda Hafiz Şirazinin rus dilinə tərcüməsi
əsasında hazırladığı “Mətnin fəlsəfəsi
və onun tərcümədə verilməsi”
mövzusunda məruzə ilə
çıxış edəcək.
Mədəniyyət.- 2018.- 7
sentyabr.- S.10.