Cümhuriyyətin baş memarı

 

 

Mənəviyyat “interyeri əməliyyət “fasad”ından da özəl, gözəl, möhkəm, möhtəşəm Zivər bəy Əhmədbəyov...

Bu qədər sivil düşüncəli, elitar erudisiyalı, hələ Peterburq universitetinin birinci kursunda ikən “Maarifçi tələbə” döş nişanı ilə təltif edilən, parlaq tələbəlik görəvlərinə binaən İmperator himayəsində fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına “ən gənc üzvseçilib, iki il sonra həmin ittifaqın İdarə heyətində yer alan bu fenomen 52 yaşında (dinin günah, cəmiyyətin zəiflik, dövlətin yasaq saydığı) intihara qol qoyub. Səbəbi – özünəqəsddən bir saat əvvəl yazdığı qeyddə: “...Nə qədər ki Bakıda Bağdasaryanlar, Roxinlər var, bu millətə xoş gün yoxdur”...

Yazımı, ötən əsrin axırlarında metronunNizami” stansiyası ilə üzbəüz bir binada doğulub-yaşamış və İngiltərədə ali təhsil almış Fəridə Əliyeva ad-soyadlı bir xanımın bu milli memarlıq banimizə həsr etdiyi məqaləsindən fraqmental iqtibas-istinadlarla davam edirəm.

Bu xanımın yaşadığı hündürmərtəbəli binadan qarşıdakı qədim və gözəl bir tikili daha kiçik görsənir və ona elə gəlirmiş ki, sovetizmin gözünə “kapitalizm ünsürükimi görünən o ev də (günlərin birində sökülüb, bütün xatirələri keçmişə göməcəyi “xəyalı” ilə) yaxınlığındakı “göydələn”ə sonsuz həsrət-həsədlə baxır. İnsanlara isə elə gəlirmiş ki, göydələnlər onları məxsusi bir xoşbəxtliklə yaşadacaq...

O dövr Bakısında yenicə boy atmağa başlayan göydələnlərlə köhnə “yerdələn”lərə münasibətlərdən və mütəxəssislərin daha superçaplı şəhərlər salınacağı ilə bağlı öngörülərindən də söz açan müəllif yazır: “Tarixən şəhərlər “bütün yollar məbədə aparır” prinsipi ilə salınıb; xırda-para yol-rizlərin birləşdiyi küçələr kilsələrətrafı meydanlara doğru uzanar, insanlar bu məkanlarda görüşər, tarixi hadisələr burada baş verərdi... Müvafiq sahə alimləri artıq belə meydanlara ehtiyac olmayacağını proqnozlaşdırır; bütün tələbatı ödəyəsi “göydələnlər ictimaiyyətləri” dövründə meydanlaraehtiyac?..”

Amma bəs... o sayaq fiziksəl “asan yaşamda insanların sosio-psixoloji mühit “dustaq”lığı? O göydələnlərdə “təmərküzləşəsi” bəndələrin Allahın inşa etdiyi doğal (“göyaltı”) məkanlarda qarşılaşmayacaqları səbəbilə paylaşılıb artmayası sevinclərə, bölüşülüb azalmayası kədərlərə yazıqlar olmasınmı?..

Ovaxtlar mən bu binaların kimlər tərəfindən tikilib-tikdirildiyinin fərqinə varmır, müəllim və dərsliklərimizsə, bu  şəhər haqda heç birmilli mənsubiyyət” çalarlı məlumat vermirdilər. İnsan da ki... yalnız tanıdığını sevər (və ya nifrət  edər), tanımadıqlarısa, olsa-olsa, laqeydlik doğurar...

Xoşbaxtlıqdan ailəm, qohum-əqrəbam milli irsimizə böyük hörmətlə yanaşan insanlardı və qonşuluğumuzdakı binanın tarixionun memarı Zivər bəy Əhmədbəyov haqda məlumatı da elə onların söhbətlərindən eşitmişdim. Təəssüf ki, o yaşlardakı hissim məni bu milli şəhidimiz haqda bilgimi artırmaq ardınca apara bilmədi”.

2011-ci ilin yay tətilində Bakıya gəlib, “Nizami” metro-stansiyası qarşısındakı meydanı və Z.Əhmədbəyovun heykəlini görərkən az qala bayılan bu xanımın baxışları abidə üstdə, düşüncələrisə, bu xalqın iyirmi il öncəyədək havaya verdiyi özgür vətəndaşlıq duyğularıyla ilgili “test”də: “Müstəqilliyimizədək mən və yaşıdlarım bu böyük şəxsiyyət haqdabilirdik”, “Azərbaycan memarlıq tarixində xüsusi yerirolu olan, zaman-zaman paytaxtımızı sifətləşdirən sənətkarları layiqincə tanıyırıqmı”... Axı, xariclərdə öz şəhərlərinin abidələrindən qürurla danışan bələdçilər ilk növbədə onların memar və mühəndislərindən söhbət açırlar!..”

Bizim bu memar isə o mürəkkəb, o bolşevik-daşnak dualizmi dövründə “İslam mədəniyyəti abidələri” və milli mədəniyyət abidələrimizin öyrənilməsilə məşğul olanŞirvan” cəmiyyətlərini yaratmışdı...

 

Bu böyük qurucu

 

yüz qırx beş il öncə (1873), tarixi zəlzələlər Şamaxısında dünyaya göz açıb.

Atanın quberniya məmuru, ananın bəy qızı olduğu 9 uşaqlı bu ailənin “zehinli sonbeşik” deyə çağırdığı Zivər bəy lap uşaqlıqdan rəsm və musiqi vurğunu kimi də tanınıb. Vaxtından əvvəl yetişən bu uşağı molla məktəbinə qoyan ata yanıldığını bir il sonra etiraf edərək, onu Bakıdakı “Elitar gimnaziyaya yollayır. Burada, ovaxtadək çap olunmuş “böyüklər”i yorulmadan mütaliə edib “ən parlaq öyrənci” kimi tanınan Zivər bəy “əlaçı tələbə” statusu ilə “intelligensiya uşaqlarının oxuduğu mərkəz” hesab edilən Peterburq İnşaat Universitetinə göndərilir. Orada fransız və alman dillərini mükəmməl öyrənir, ikinci kursda ikən gənclərçün xüsusi qəzet təsis edir, yaradıcılıq dərnəyi yaradır, H.Zərdabi və İ.Qaspıralı ilə şəxsi tanışlıqdan əxz etdiyi milliyyətçilik duyğularına sarılır və daha nələr-nələrdən sonra... ovaxtlar (bəlkə də) fərqinə varmadığı “Azərbaycanın ilk ali təhsilli memarı” tərcümeyi-halına başlayır.

Universitetdən təyinatla Bakıya (1902) gələn Zivər bəy qubernatorluğun əmri ilə  şəhərdə yenicə başlanan abadlıq işlərinə nəzarətçi təyin edilir, Quberniya idarəsində, ardınca Bakı Şəhər İdarəsində memar işləyir, bir müddət sonra Şamaxı şəhərinin baş memarı təyin edilir.

Peterburqdan Vətənə dönüşü zamanı, hələ qırx üç il əvvəlki (1859) təbii fəlakətdən özünə gəlməmiş Şamaxıda daha bir dəhşətli zəlzələ baş vermiş, şəhəri yerlə-yeksan etmişdi. Bu fəlakət Zivər bəyə çox pis təsir edirdoğma yurdu Şamaxının baş memarı kimi, 1907-ci ildə şəhərin yenidən və daha təkmil planlaşdırılması, xüsusən zəlzələdən dağılan (VIII əsrin möhtəşəm memarlıq abidələrindən biri, yerli camatın yaddaşında sovet ermənilərinin növbəti müsəlman qətliamı zamanı buraya sığınanların diri-diri yandırıldığı və dörd minarəsinin “sərrast topçu daşnak” tərəfindən uçurulması ilə qalan) Cümə məscidinin yeni layihə-tikintisi üzərində düşünür və məqsədinə nail olur.

1910-cu ildən paytaxtda yaşayıb-işləməyə başlayan Z.Əhmədbəyov Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı təyin edilir, 1922-ci ilədək bu vəzifədə çalışır. Öz işlərində Qərbi Avropa üslubuna meylliliyi o zamankı memarlıqda innovasiya kimi qəbul edilir, layihələndirdiyi binaların xüsusi naxış-ornamentləri qubernatoru belə heytətləndirir və o bir müddət sonra, Bakı qubernatorları və elitasının şəxsi malikanələrinin də “əvəzsiz memar”ına çevrilir. Elə bu məqamda qeyd edək ki, o dövr ağzıgöyçəklərinin “milyonçularçün dəbdəbətikən” kimi də hallandırdığı Zivər bəyin layihələndirdiyi (böyük M.Ə.Sabirin “Zivər bəyin ən xeyirxah işi” kəlmələrilə qiymətləndirdiyi) Şamaxı kitabxanası uzun illər Azərbaycanın ən yaraşıqlı elm-irfan ünvanı sayılıb.

Öz unikal layihələrində milli irslə yanaşı, ümumşərq memarlıq ənənələri və Avropa klassisizminə də müraciət edən Z.Əhmədbəyov Bakıda “Doğum evi”, “Uşaq xəstəxanası” (indiki Elmi-Tədqiqat AnaUşaq Mühafızəsi İnstitutu), Şamaxıda “İmam”, “Cümə”, Bakı-Abşeronda “Təzəpir”, “Göy”, “Əjdər bəy”, “Əmircan”  məscidləri, “Səadət” məktəbi, Oftalmologiya İnstitutunun binası, əzəmətli “Mixaylov xəstəxanası” (indiki Səhiyyə Nazirliyinin binası), üç unikal yaşayış binası, Göyçayda məscid, daha neçə-neçə bənzərsiz mədəni-məişət obyektlərinin layihələrini yaradır. Cümhuriyyət dövründə Bakının daşnak və eser-menşeviklərdən ibarət “Sentrokaspi” diktaturasından azad olunması (15 sentyabr 1918) zamanı şəhid olmuş Azərbaycan və türk əsgərlərinin xatirəsinə ucaldılası (bəlli səbəbdən gerçəkləşdirilməyən) abidə kompleksinin layihəsini hazırlayır.

Görünməmiş siyasi-ictimai rejiminə etiraz olaraq “şəxsi intihar üsyanı” etməsi səbəbilə zəngin tərcümeyi-halı sovet hakimiyyəti tərəfindən qaralanan bu böyük ziyalı haqda az-çox məlumat onun yeganə qızı Firəngiz xanımın övladı – hüquq elmləri doktoru Oqtay Əfəndiyevin –

 

Xatirələrində

 

Nəvə yazır ki, əsrin əvvəllərində daşnak-bolşevik fitnəsilə Azərbaycanın görkəmli ziyalılarını məhvetmə siyasəti babasını da yanlayıb.

“1967-ci ildə babamın evini də sökdülər... O evə çoxlu qonaqlar gələrdi. Babam fortepianoskripkada çox gözəl musiqilər çalardı, ədəbiyyat-incəsənət vurğunu idi. Çox zəngin kitabxanası, gözəl rəsm və heykəltəraşlıq nümunələri kolleksiyası vardı...

1883-cü ildə müsəlmanlar İçərişəhərin qala divarları yanında məscid tikilməsilə bağlı Bakı quberniyası rəhbərliyinə müraciət edir, lakin ovaxt şəhərin kənarı sayılan Yuxarı Dağlı məhəlləsində tikilməsi üçün qərar verilir. Məscidin tikinti xərcini öz öhdəsinə götürən ziyalı, vətənpərvər Nabat xanım Aşurbəyli Zivər bəyi Şərq ölkələrinə (Məkkə, Mədinə, İstanbuls.) göndərir ki, ən gözəl məscidlərin arxitektur-tikiliş tərzlərini öz gözlərilə görüb, Azərbaycanda möhtəşəm bir işə imza atsın. Nəticədə Zivər bəy hündürlüyü və əzəmətinə görə Yaxın Şərqin ən möhtəşəm dini abidələrindən biri olası (şəhərin hər yerindən görünəsi, Günəş şüaları altında bərq vurası) bir məscid layihəsi hazırlayır”. Lakin Dini İşlər İdarəsindən Zivər bəyə belə bir ciddi (şifahi) xəbərdarlıq gəlir; həmin məscid yaxınlıqdakı (müsəlmanların vəsaiti hesabına tikilən və xalq dilində “Qızıllı kilsə” adlanan) Aleksandr Nevski kilsəsindən hündür olmamalıdır...

Beləliklə, memar hazırladığı layihədə bəzi dəyişiklər etmək məcburiyyətində qalır və bünövrə daşı 1905-ci ildə qoyulan möhtəşəm Təzəpir məscidinin tikintisi 1914-cü ildə başa çatır.

“...Öz evinin yanında dəfn olunan babamın məzarı da (“yol çəkilişi” bəhanəsilə) repressiya edildi; qəbiristanlıq dağıdıldı, üstündə S.M.Kirovun heykəli ucaldıldı. Anam atasının məzarını başqa yerə köçürsə də, tezliklə oranı da alt-üst etdilər və bu millət sevdalısının qəbrini... üstünə bu qədər abidə izləri saldığı torpağa qarışdırıb itirdilər...”

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.12.