Mediada Azərbaycan dilinin
qorunması
Dəyirmi masada
müzakirə olunub
Sentyabrın 7-də Mətbuat Şurasının təşəbbüsü ilə “Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, tədbir Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşən layihə çərçivəsində reallaşır.
O, mövzunun aktuallığından bəhs edərək deyib ki, ötən illərlə müqayisədə bu sahədə irəliləyişlərin əldə olunmasına baxmayaraq, jurnalistikada ədəbi dilin işlədilməsi qaydaları ilə bağlı problemlər yaşanmaqdadır.
Şuranın ədəbi dilin qorunması ilə bağlı monitorinq qrupunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov 15 iyun – 15 noyabr tarixlərini əhatə edən monitorinqin ilkin nəticələri barədə məlumat verib: “Müşahidələrimiz onu deməyə əsas verir ki, ötən illərdən fərqli olaraq ümumən mediada ana dilimizin işlədilməsi sahəsində müsbət tendensiyalar nəzərə çarpmaqdadır”.
Mediamızda ana dilimizdən istifadə sahəsində kifayət qədər pozuntu faktlarının olduğunu vurğulayan MŞ İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, hər bir media orqanı yol verdiyi dil xətalarını səmimi qarşılamalı, fəaliyyətində dönüş etməyi bacarmalıdır.
Dəyirmi masada
çıxış edənlər bildiriblər ki, jurnalistikanın söz
sənəti kimi ədəbi dilə riayət
etməsi örnək mahiyyət daşıyır. Onlar digər sahələrdə də ana dilindən istifadədə ciddi
nöqsanların mövcudluğuna diqqət
çəkiblər və bununla əlaqədar
olaraq maarifləndirmə işləri ilə
yanaşı, hüquqi mexanizmlərin tətbiqinin
əhəmiyyətini vurğulayıblar. Qeyd
olunub ki, ana dilindən istifadə sahəsində
pozuntuları doğuran daha
bir cəhət jurnalistikada
ixtisaslaşmanın zəifliyidir.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.15.