Lənkəran teatrı yeni
mövsümə Biləsuvarda başlayacaq
Lənkəran Dövlət Dram Teatrı özünün 128-ci mövsümünə sentyabrın 18-də Biləsuvar rayonunda start verəcək. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, truppa rayon Mədəniyyət mərkəzinin səhnəsində yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxış edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Səyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov ifa edirlər.
Direktor qeyd edib ki, hazırda teatrın rejissorları Adil Zeynalov və Emil Əsgərov paralel olaraq iki səhnə əsərinin – başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları” pyeslərinin məşqlərini aparırlar. Kollektiv yeni mövsümdə teatr festivallarına və qastrol səfərlərinə də qatılacaq.
Yaradıcılıq əlaqələri inkişaf edir
Yeri gəlmişkən, Lənkəran teatrının direktoru Tofiq Heydərov sentyabrın 1-dən 5-dək İranın Mərivan şəhərində keçirilən Beynəlxalq meydan tamaşaları festivalında ekspert qismində iştirak edib.
Onun sözlərinə görə, festival çərçivəsində oynanılan tamaşalar xalqların və mədəniyyətlərin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirib: “Müxtəlif ölkə teatrlarının rejissor və aktyorları ilə apardığımız söhbətlər bir daha sübut etdi ki, sənət sərhəd tanımır”.
Lənkəran teatrının direktoru Mərivandan sonra Tehran şəhərinə gəlib və burada rəhbərlik
etdiyi kollektivlə bağlı bir sıra layihələrin
planlaşdırılması məsələlərində iştirak edib. İran İslam
Respublikasının Teatr Sənəti Baş İdarəsinin rəisi Şəhram Kərəmi,
Beynəlxalq Fəcr festivalının rəhbəri
Nadir Burhanimərənd, Tehran
Mərkəzi Teatrının rəhbəri Fazil
Əsədi və digər şəxslərlə
görüşlərdə qarşılıqlı əlaqələr
barədə müzakirələr aparılıb. Qonşu ölkənin türkdilli
vilayətlərində truppanın qastrol
səfərlərinin təşkil edilməsi, Lənkəran
teatrının rejissor və
aktyorlarının İran teatrlarında təcrübə
keçməsi barədə ümumi razılıq
əldə olunub.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.8.