Cümhuriyyətin 100 illiyi Varşavada qeyd edilib

 

 

 

Sentyabrın 12-də Polşanın paytaxtı Varşavada Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Qonaqlar əvvəlcə Mazovetski voyevodluğunun binası önündə “İstiqamət – Azərbaycan” adlı sərgi ilə tanış olublar. Bir ay fəaliyyət göstərəcək sərginin əsas məqsədi Azərbaycanın qonaqpərvərlik imkanlarını Polşada tanıtmaq, polyak ictimaiyyətində ölkəmiz haqqında məlumatlılığı artırmaqdır.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Mazovetski voyevodluğunun voyevodu (qubernatoru) Zdislav Sipiera sərgi ilə tanış olublar.

Azərbaycan nümayəndə heyəti Varşavadakı Yuzef Polinski adına parkda ucaldılan “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət edib. Məlumat verilib ki, bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920) polyak əsilli general Matsey SulkeviçPolşa Respublikası OrdusununMilli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb. Abidə Azərbaycan və polyak xalqları arasında dostluq və qardaşlığın simvoludur.

Daha sonra Varşavada Kral sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov iştirakçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından salamlayıb.

Bildirilib ki, bu gün qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında, siyasi, iqtisadi və mədəni sahələrdə formalaşan Azərbaycan-Polşa əlaqələri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında olan səmimi işgüzardostluq münasibətləri qarşılıqlı etimad üzərində qurulub.

Səfir ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığa böyük töhfə verən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edib. Diqqətə çatdırılıb ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan və Polşa arasındakı dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə Polşanın “Böyük Komandorordeni ilə təltif edilib.

Xalq Cümhuriyyətinin tarixindən bəhs edən səfir H.Həsənov qeyd edib ki, Azərbaycanda birinci respublika cəmi 23 ay ömür sürüb, lakin qısa müddətdə ciddi dövlət quruculuğu tədbirləri həyata keçirib, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub.

Həmçinin bildirilib ki, bu il Azərbaycan və Polşa xalqları öz respublikalarının yüz illiyini qeyd edirlər. Azərbaycan və Polşa arasında ilk diplomatik təmasların isə hələ 1472-ci ildə baş tutduğunu xatırladan səfir qeyd edib ki, ötən dövrlər ərzində  onlarla azərbaycanlı və polyak ölkələrimiz arasında siyasi, elmi və mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfələr verib. Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin şəxslərin xatirəsi əbədiləşdirilib, Polşanın müxtəlif şəhərlərində 20 abidə və xatirə lövhəsi qurulub.

Polşa xarici işlər nazirinin müavini Bartoş Çixotski çıxışında Polşa və Azərbaycan əlaqələrində birləşdirici aspektlərə toxunub. Qeyd edilib ki, polyaklar 100 il bundan əvvəl Azərbaycan dövlətinin yaradılmasında iştirak ediblər. Azərbaycan Ordusunda, neft sənayesində, müasir şəhər salınmasında və eləcə də Azərbaycan mədəniyyətində polyak izlərinə rast gəlmək mümkündür. Nazir müavini bildirib ki, bu gün də ölkəsi Azərbaycanın inkişafının bir hissəsi olmaq istəyir, beynəlxalq hüququn prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair tədbirləri dəstəkləyir.

Tədbirin bədii hissəsində tanınmış pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələri caz improvizasiyaları ilə təqdim olunub. Polyak müğənni Malvina Kuşiorun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla qarşılanıb.

Kral sarayının foyesində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sərgidə Xalq Cümhuriyyətinin tarixindən bəhs edən foto və sənədlər, səfirliyin tərtib etdiyi broşürlər təqdim olunub, eyni zamanda Cümhuriyyətin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.14.