Arxipelaqın zəngin mədəniyyəti Bakıda

 

 

İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi

 

Sentyabrın 13-də Heydər Əliyev Sarayında İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi. Mərasimdən əvvəl tədbirə qatılan qonaqlar sarayın foyesində İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi ilə tanış oldular. İndoneziya təbiətini əks etdirən fotosərgi də maraqla qarşılandı.

Festivalın açılışında çıxış edən İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi. Bildirdi ki,  “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaqdevizi altında üçüncü dəfə təşkil edilən festival ildən-ilə daha maraqlı və zəngin proqramla təqdim edilir. Nazir diqqətə çatdırdı ki, builki festival İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünə təsadüf etməsi ilə də əlamətdardır.

Bildirildi ki, İndoneziya və Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və İSESCO ilə birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ölkə rəhbərliyi adından festivalda iştirak edən bütün qonaqları salamladı. Qeyd etdi ki, festival iki ölkə arasında münasibətlərin genişlənməsinə, bir-birimizi daha yaxşı tanımağa və gələcəkdə birgə layihələrin gerçəkləşməsinə şərait yaradacaq. Vurğulandı ki, Azərbaycan və İndoneziya iki dost ölkədir. Biz bütün beynəlxalq platformalarda vahid mövqedən çıxış edirik. 1992-ci ildən etibarən mövcud olan dövlətlərarası münasibətlərimiz ildən-ilə güclənir. İndoneziya Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edir. Xüsusilə də İslam dünyasını birləşdirən İSESCO təşkilatı çərçivəsində reallaşdırılan layihələrdə bir-birimizə dəstək oluruq.

Nazir həmçinin Mühacir Əfəndiyə bu ilin iyununda Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı rəsmi açılış tədbirlərində İndoneziya nümayəndə heyətinin rəhbəri kimi şəxsən iştirak etməsinə görə minnətdarlığını bildirdi.

Diqqətə çatdırıldı ki, İndoneziyanın Azərbaycandakı səfirliyi çox fəal mədəni proqramlar həyata keçirir: Bu artıq üçüncü festivaldır  və əminəm ki, o da uğurla keçiriləcək, Azərbaycan xalqı İndoneziyanın qədim mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaq. İnanıram ki, ölkələrimiz arasında əlaqələr daim inkişaf edəcək və bu festival mədəniyyətlərin yaxınlaşmasına öz töhfəsini verəcək”.

Çıxışlardan sonra mərasim konsert proqramı ilə davam etdi. İlk olaraq İndoneziyadan gələnTubaba Pakemrəqs qrupunun çıxışı izlənildi. Sonra tədbir İndoneziyanın məşhur caz musiqiçisi Diki Darmavan çıxış etdi. Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi milli rəqs nömrələrini təqdim etdilər.

Qeyd edək ki, festival çərçivəsində Fəvvarələr meydanında sərgilər müxtəlif tədbirlər keçiriləcək. Tədbirlərə qatılanlar İndoneziyanın kulinariyası ilə yaxından tanış olacaq sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə çaylar, digər məhsullar yer alacaq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.2.