Böyük Rus

 

 

Həyatı da yaradıcılığı qədər örnək olan İvan Sergeyeviç Turgenev

 

Bu yazımı başqalarının sözü ilə başlamaq qərarındayam.

Q.Brandes (Danimarka): “Avropada Turgenev qədər çox oxunan ikinci bir rus ədibi yox... Onu beynəlxalq yazıçı hesab etmək daha doğru olardı”.

J.Sand: “Mən hələ də Sizin portretlər qalereyanızın təsiri altındayam. Heç bir tarixi abidə bütöv Rusiya obrazını bizə bu qədər geniş aça bilməz!..

M.Alekseyev: “Elə xalqlar var ki, onların ədəbiyyatının bütöv bir dövrü Turgenev adı, Turgenev təlatümlərilə bağlıdır”.

N.Nekrasov: “Sən Puşkindən sonra rus yazıçılarının hamısından daha çox şairsən!”

Y.V.Çəmənzəminli: “Turgenevin yaradıcılıq metodu  Balzaka, Dostoyevskiyə  bənzəməz; onlar tələsir, hər əsəri dərhal məcmuə-mətbəələrə yetirməyə can atırdılar. Turgenev isə Tolstoy kimi – sakit, səbirli, hər mövzu və tipi ətraflı düşünən...”

 

Və...

 

yüzlərlə bu sayaq deyimlərə “bais”in öz fikirlərindən:

“Mən müqəddəs Vətənimdə nifrət etdiyim təzahürlər və adamlarla yanaşı yaşaya, nəfəs ala bilmirdim… Təhkimçilik hüququ mənim düşmənim idi. Axıradək mübarizə aparmağı qət etdiyim, heç bir zaman barışmayacağıma and içdiyim hər şeyi “təhkimçilik hüququ” anlayışında cəmləşdirmişdim”.

“Biz cavan və güclü xalqıq – öz gələcəyinə inanan və buna haqqı olan xalq!”

Mübahisəsiz bir fakt: dünyanın heç bir xalqı XIX əsrdə Rusiya qədər görkəmli ədəbi simalar yetirməyib. Bu nadir çoxluq içərisində barmaqla sayılanlardan olan Turgenevi həmin o rus ədəbiyyatının əbədi barometri hesab edilən Belinski (əqidə dostlarından birinə yazdığı məktubda) bir az da böyüdüb: “Bu hədsiz dərəcədə sakit adam qeyri-adi dərəcədə mükəmməl ağıla malikdir”.

Bu bənzərsiz istedad və mükəmməl ağılın doğuluşundan –

 

200 il keçir

 

Rus ədəbiyyatına A.Fet, L.Andreyev, N.Leskov kimi böyük imzalar bəxş etmiş Oryolda (1818) anadan olub. Atası – polkovnik Sergey Nikolayeviç 16-cı əsr bünövrəli dvoryan nəslinə, anası Varvara Petrovna çox varlı-hallı saray ailəsinə mənsub olub.

Turgenev 4 yaşında olanda bu ailə Almaniya, İsveçrə, Fransa və s. ölkələrə səfərə çıxır, altı ay Paris məskunluğundan sonra anasının Spasskoye-Lutovinovo (Oryol vilayətinin Mtsen rayonu) malikanəsinə qayıdır. 17 yaşında ikən atasını itirməsi, anasınınsa təhkimli kəndlilərlə (ümumən, məzlum insanlarla) amansız və kobud rəftarı Turgenevdə xeyli sarsıntı, kin-küdurət yaradır (ədib bu “doğma” ağrı və nifrəti sonralar “Mumu”, “İlk məhəbbət”, “Dvoryan ocağı” əsərlərində təsvir edəcəkdi).

Moskvaya köçdüklərində pansionatda alman, fransız, ingilis dillərini və rus ədəbiyyatını qeyri-adi qabiliyyətlə öyrənən İvan hələ 15 yaşı tamamlanmamış Moskva Universitetinə daxil olur. İkinci kursda ikən paytaxta köçmələrilə əlaqədar təhsilini Peterburq Universitetində davam etdirir. Buradakı müəllimləri arasında N.V.Qoqolun da olması, çox sevdiyi Puşkini görüb, Jukovski, Koltsov kimi məşhurlarla tanışlığı yaxın gələcəyin bu ədəbiyyat nəhənginin xəyalında “bənzərsiz üfüqlər açır”.

18 yaşında universiteti bitirib, elmi-mədəni, ictimai-siyasi dünyagörüşü sarıdan daha da yüksələn Turgenev Rusiyada təhkimçilik quruluşunun ləğvi, ölkədə respublika üsul-idarəsi arzusuna qapılır. Elə həmin çağlar ailədə baş verən bir olay bu istəyi daha da alovlandırır; anası onun qulluqçu qıza sevgisi əleyhinə çıxır, artıq hamilə Avdotyanın dərhal malikanədən uzaqlaşdırılmasını əmr edir və 1842-ci ildə doğulan körpəni ondan zorla ayırıb malikanəyə gətirdir.

Avdotyaya ömürlük təqaüd təyin edən və anasının acığına ömrünün sonunadək evlənməyəcəyini kəsdirən Turgenevdə təhkimçiliyə qarşı nifrət günü-gündən güclənir. Lakin buna qarşı mübarizənin Rusiya despotizmi şəraitində mümkün olmadığını görüb, yenidən xaricə getməyi qərara alır: “Düşmənimdən uzaqlaşıb, uzaqdan daha qüvvətlə hücum etmək! Nəzərimdə bu düşmənin aydın obrazı vardı və məşhur bir ad daşıyırdı: “Təhkimçilik hüququ”!..

1847-ci ildə Almaniya səfəri, Zalsburqda müalicə olunan Belinski (və onun məşhur “Qoqola məktub”u) ilə tanışlıqdan, habelə üç il yaşadığı Parisdə rus mühacirlərilə söhbətlərdən daha da mübarizləşməsi, yazılarını Rusiyaya (“Sovremennik”ə) göndərməsi, Q.Flober, E.Zolya və daha iki məşhur fransızın bu “çox ağıllı və istedadlı rus”la (ədəbiyyat tarixinə “beşlər dərnəyi” kimi düşən) “ədəbi birlik” yaratması, hələ 30 yaşında saçlarına dən düşmüş durumda Rusiyaya qayıtması, qızının təlim-tərbiyə taleyinin paltaryuyan qadına tapşırıldığını görüb sarsılması, uşağı Parisə – bu dünyada yeganə həmdəmi hesab etdiyi P.Viardonun yanına göndərməsi, hikkəli anasından küsüb, atadanqalma Turgenevo kəndinə getməsi...

Polina Viardo!..

Bu nida hiss-həyəcanı yazı qəhrəmanımın əvəzindəndir. Bu böyük Vətən didərgini özündən 20 yaş kiçik olan o ecazkar səs və gözəllik mücəssəməsilə italyan opera truppasının Rusiyaya qastrol səfərində (“Seviliya bərbəri”ndəki qeyri-adi ifasına məftunluğu gecəsi) tanış olmuş və bu adi olay sonralar bir-birinin həyatında müstəsna rol oynayası tərəflər arasında çox güclü sevgi-məhəbbətə çevrilmişdi...

Ancaq o, bu dünyaya sentimental aşiq olaraq yox, –

 

Fenomenal ədib kimi doğulmuşdu...

 

1848-ci ilin yanvarında Turgenev yenidən Berlinə, oradan da Parisə gedir, Fevral inqilabının şahidi olur, Qərbi Avropa həyatını öyrənir, burada mühacirlik yaşayan rus inqilabçı-demokrat, yazıçı, publisist, filosof A.İ.Gertsenlə yaxınlaşıb, Vətəninin demokratik gələcəyi uğrunda düşünüb-daşınırlar. Rus ictimai fikir tarixinə “milli yaradıcılıq məhsullarının bütün dünya sərvətinə çevrilməsi üçün bu qədər vaxt, əmək sərf edən, bu qədər qayğı göstərən ikinci bir rus yazıçısı yoxdur” qiymətilə düşmüş bu ədib qəriblikdə yazırdı: “Mən Rusiyanı, indi onu əllərində tutan cənablardan fərqli olaraq, tamamilə başqa cür sevirəm! Bizim hər birimiz olmadan Rusiya keçinə bilər, lakin bizim heç birimiz Rusiyasız keçinə bilmərik”.

Bu məqamda, bu böyük rus oğlunun (ana dilinin heç zaman assimilyasiya təhlükəsilə üzləşməyəsi Rusiya oğlunun!) bir şeirindən üç misranı da bizim bəzi “naşinki”lərin diqqətinə çatdırmağa əşhədi-ehtiyac duydum:

Deyin, şirin nə var ana dilindən?!.

Qara torpağa da layiq deyildir –

Öz ana dilini bilməyib ölən…

Zəngin Turgenev irsinin dərin tədqiqatçıları (V.Afanasyev və P.Boqolopov) yazırlar ki: “Bu böyük rus kişisi kəndlilərlə ağa kimi yox, sərgərdan bir ovçu kimi görüşüb-davranırdı. Onlar bu dvoryana hamıdan çox yanaşır, hədsiz həvəslə söhbət edirdilər. “Ovçunun xatirələri” əsərinin vətəndaşlıq və antitəhkimçi pafosu da bax elə-beləcə yetişirmiş. Onun oralardakı təhsili heç də universitetlərdəkindən pis getmirmiş; o, demokratizm, xalq dili, Rusiyaya inam öyrənir və öyrədirmiş”.

Qələmini müxtəlif sahələrdə sınamış bu ədib rus və dünya ədəbiyyatına qüdrətli  nasir kimi daxil olub. Bu qüdrət onun öz dahi həmkarlarını belə heyrətə gətirib. Məsələn, Q.Flober: “Mən yaşadığım bir çox hislərin ən mükəmməlini Sizin əsərlərinizdə tapıram!” J.Sand isə Floberə yazırdı: “Nə qədər gözəl istedad, nə qədər özünəməxsus və qüdrətli! Mən görürəm ki, xaricilər bizdən də yaxşı yazırlar”.

“Xaricilər”... Bəs, Fransada “nəhəng əcnəbi” hesab edilən bu ədib öz vətənində “nə boyda” imiş?..

...Qoqolun vəfatının (1852) Puşkin və Lermontovdan sonra Rusiya üçün çox böyük itki olduğunu ifadə edən “Peterburqdan məktub”unun (“Qoqol vəfat etmişdir! Bu söz hansı bir rus qəlbini sarsıtmaya bilər?!”) çapına senzura icazə vermir (I Nikolayın əmrinə görə, Qoqolun adı mətbuatda “böyük yazıçı” kimi çəkilməməli, ölümü sükutla qarşılanmalı idi), Turgenevsə bunu qarşısıalınmaz bir inadla “Moskovski vedomosti”də dərc etdirir və... həbs olunub Spasskoye-Lutovinovoya sürgün edilir, ciddi nəzarət altında saxlanılır. Orada isə, çarın bu milli-mənəvi təhqirinə “ikiqat adekvat” hesab edilən – dünyalarca məşhur –

 

“Mumu”sunu yazır

 

Elə bir əsər ki, Azərbaycan sovet şagird və tələbələri bunu boğazdanyuxarı “baba” dedikləri Lenindən də çox oxuyur və sevirdilər. Müəllimlər isə bu əziz əsərin daha çox məzmunundan danışır, sovet sosializminin davam etdirməkdə olduğu qayəsinə toxunmurdular. Çünki bu hekayədəki rus kəndlisi – lal-kar olsa da, fizikən çox güclü olan Gerasimin taleyi ovaxtkı Rusiyanın kənd bölümünün həyatına bənzəyirdi; imkanlı bir qadının palçığa batmış faytonunu vəziyyətdən çıxaran Gerasim böyük bir lütfkarlıqla Moskvaya (süpürgəçi işləyəcəyi, danışa bilmәdiyindәn və qorxusundan heç vaxt “mәn sәni sevirәm” deyə bilməyəcəyi və elə həmin imkanlı xanım tərəfindən bir içki düşkününə ərə veriləsi Tatyananı sevəcəyi şəhərə!) aparılır...

Lakin... böyük ədib öz ustad təhkiyə-təsvirat elementlərilə bu yıpyığcam bədii portretində bu tipik rus “mujik”inin tale fabulasını da cızır; yaşadığı məkanda (Vətəndə!) diqqət və sevgi tamarzılığından tәk-tənha qalan, dərddən gəzişdiyi dəniz kənarında rastlaşdığı balaca bir iti məhrumiyyətlərlə yaşadığı mülkə gətirib adını “Mumu” qoyan, “naxoş hürüşü” səbəbilə xanımının öncə satdırdığı, qayıdıb gəldikdəsə öldürtmək istədiyini görən Gerasim, onu aparıb tapdığı yerdə buraxaraq öz doğma kәndinә yol alır...

Zavallı gerasimlər müəllifi isə –

 

Öz yurd-yuvasından didərgin...

 

Bu ədib hekayələr və oçerklər silsiləsi kimi qələmə  aldığı “Ovçunun xatirələri”ndəki 25 hekayədə mülkədarların harınlıq, qudurğanlıq, eyş-işrət, zülmkarlıq “yaradıcılıqlarını” və bunun nəticəsi olaraq sürətlə çürüməyə doğru gedən quruluşda bütün ağırlığın rus kəndlisinin belinə yüklənməsi məsələlərinin bədii portretlərini yaradırdısa, doğma yurd-yuvasına necə qayıda bilərdi? Məsələn, “İki mülkədar”da günahsız ola-ola ölümcül döyülmüş kəndli Vasilidən “ağan səni niyə döydürüb” soruşulanda, deyir: “Ağam yaxşı adamdır...”

Bu sayaq əsərlərin çapına icazə verdiyinə görəsə, senzor V.B.Lvovun vəzifədən azad olunması kimi faktlar da ki, öz yerində...

1854-dən 1860-a qədər Nekrasovun “Sovremennik”i ilə əməkdaşlıq edir. Neçə-neçə bənzərsiz oçerk, hekayə, povest, pyes, bu vaxtadək analoqsuz səs-küy yaratmış və hələ də mübahisə-müqayisə predmeti olan “Atalar və oğullar”, “Ərəfə” kimi romanlar yazır. İlk dəfə Peterburqda ədəbiyyat həvəskarı olan bir məmurun evində görüşdüyü (pəncərə qarşısında üç saat sakitcə oturub onu dinləyən) “Rus xalqının dahi qələm karikaturu” Krılovu gələcək nəsillərə “Bu qədər səbirli insan o qəbər “səbrsiz təmsilləri” necə yazır, görəsən?!” kimi təşbehlə çatdırır. Puşkinə qoyulan abidənin açılışında söylədiyi parlaq nitqinisə rus xalqı bu gün də kövrələrək xatırlayır: “Abidəsini bütün mədəni Rusiyanın bayram etdiyi Puşkinin yaratdığı dildə biz yaşarılığın bütün şərtlərini tapırıq: rus yaradıcılığı və rusun qavrama qabiliyyəti bu möhtəşəm dildə nizamlı bir şəkildə çulğalaşıb”...

1861-ci ildə Tolstoyla çox ciddi – az qala “duel”lə nəticələnəsi mübahisəsi düşmüş bu ədib ölümündən bir az əvvəl yazırdı: “Mehriban və əziz Lev Nikolayeviç! Ölüm yatağında olduğumdan xeyli müddətdir Sizə heç nə yaza bilmirəm. Bunu isə Sizə sonuncu ricam xatirinə mütləq yazmalıyam. Mənim dostum, ədəbi fəaliyyətə dönün! Mütləq dönün... Axı Sizə belə bir müqayisəsiz istedad verilib! Bu ricamın Sizə əsər edəcəyini düşünə bilsəydim, ah, nə qədər bəxtiyar olardım! Ey rus torpağının böyük yazıçısı, xahiş edirəm, mənim ricama diqqətlə yanaşın...” 

Ömrünün sonlarında iki dəfə (1879, 1880) vətəndə olan (və hər dəfə böyük hərarət, məhəbbət, sürəkli alqışlarla qarşılanan) ədib 1883-cü il avqustun 22-də Paris yaxınlığındakı Bujival şəhərində – “sevimlilər sevimlisi” P.Viardonun yanında vəfat edir. Cənazəsi (vəsiyyətinə əsasən) Peterburqa gətirilir, Belinskinin məzarı yanında dəfn edilir...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.12.