İki ölkə sənətçilərinin dostluq konserti

 

 

Daşkənddəki “Turkistan” sarayında Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş dostluq konserti keçirilib. Konsertdə Azərbaycanın tanınmış müğənniləri də iştirak edib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri və Millətlərarası Münasibətlər Komitəsinin sədri Rüstambek Qurbanov çıxış ediblər.

Hüseyn Quliyev Azərbaycan və özbək xalqları arasındakı tarixi dostluq əlaqələrindən, ötən illərdə əldə edilmiş uğurlardan danışıb. Rüstambek Qurbanov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək dəyərləndirib, xalqlarımızın oxşar mədəniyyətə, adət-ənənələrə malik olduğunu deyib.

Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist, bu günlərdə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam sənəti forumunda qızıl medala layiq görülmüşMuğaminstrumental qrupunun rəhbəri Sahib Paşazadə, qrupun üzvləri Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev, həmçinin özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.9.