İndoneziya Azərbaycanla əlaqələri
inkişaf etdirməkdə
maraqlıdır
Nazir Əbülfəs Qarayev indoneziyalı həmkarının
başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb
Sentyabrın
13-də mədəniyyət naziri Əbülfəs Qarayev
ölkəmizdə səfərdə olan İndoneziyanın mədəniyyət
və təhsil naziri Mühacir Əfəndinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etdi.
Qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev iki ölkə arasında mövcud olan əlaqələrdən danışdı. Bildirdi ki, Azərbaycan-İndoneziya əlaqələri, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf edir. İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir, mədəni tədbirlər təşkil edir. Bu da xalqlarımız arasında münasibətlərin güclənməsinə öz müsbət təsirini göstərir.
Nazir ölkəmizin İslam dünyası ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək dedi ki, Azərbaycan və İndoneziya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
Sentyabrın 11-dən 16-dək Bakıda İndoneziya mədəniyyəti festivalının keçirildiyini deyən Əbülfəs Qarayev mədəni əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi, ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirdi.
İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi ölkəmizdə olmaqdan məmnunluğunu ifadə etdi. Nazir ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.
İkitərəfli əməkdaşlıqdan bəhs edən nazir bu prosesin son illərdə daha da dərinləşdiyini bildirdi. O, həmçinin İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.
FARİZ
Mədəniyyət.- 2018.- 14 sentyabr.-
S.4.