100 ilin unudulmuş Osmanlı marşları

 

 

 

Artıq neçə illərdir 15 sentyabr 1918-ci il – Osmanlının Qafqaz İslam Ordusunun Bakını erməni daşnaklarının terrorundan, qətliamından xilas etməsi haqda yazılar, kitablar nəşr olunur, TV kanallarında maraqlı tarixi verilişlər göstərilir. Məhz bu verilişlər, kitablar, yazılar 100 illik tarixi bir daha gözlərimiz önündə canlandırır, bizi əsl həqiqətlə üz-üzə qoyur. Xilaskar Türk Ordusunun gəlişi Azərbaycanın ictimai-siyasi həyatına yeni ruh, yeni dinamizm, yeni məzmun verməklə yanası, Bakı əhalisinin həyatında, məişətində silinməz izlər qoydu. Bu izlər Bakının mədəni həyatında – teatrda, musiqidə belə öz əksini tapmışdır...

...Bu yaxınlarda arxivimi araşdırarkən özümün belə unutduğum üç not vərəqi diqqətimi cəlb etdi. Bu mənim özümün nota saldığım üç türk (Osmanlı) marşı idi: 1. Qafqaz dağı, yol ver bizə... 2. Səməd paşa. 3. İzmirin çocuqları... Hər üç marş əski Türk-Osmanlı marşları olsa da, onlar Azərbaycanla, Bakı ilə bağlı olmuş, müzəffər ordunun Bakı səfəri zamanı oxunmuş, o zamankı gənclərin, yeniyetmələrin hafizəsində əbədi yaşamışdır. Bu marşların tarixçəsi də bunu bir daha təsdiq etmişdir.

Təxminən 20-25 il əvvəl Üzeyir Hacıbəylinin ev-muzeyinə 70-75 yaşlarında İsmayıl adlı bir kişi gəlmişdi. O, 1918-20-ci illərdə atasının Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etməsindən, Türk Ordusu ilə bərabər erməni xainlərinə qarşı vuruşmasından bəhs etdi. Türk əsgərləri ilə qaynayıb-qarışan bizim əsgərlər də onlarla hərbi təlimlər keçir, döyüş qaydalarını öyrənirlər. Bizim əsgərlərin öyrəndikləri daha bir şey də varmış – Türk marşları!

İsmayıl kişinin atası o illərdə öyrənib, ruhuna, canına məhrəm etdiyi bu marşları Azərbaycanda bolşevik çevrilişindən sonrakı illərdə oxumamışdır. Lakin ömrünün sonuna doğru artıq həkim təhsili alaraq çalışan oğlu İsmayıla bir çox olayları danışan ata, vaxtıykən gənc əsgər olaraq 1918-20-ci illərdə Azərbaycan və Türk Ordusunun müzəffər yürüşlərindən, lovğa erməni ordusunun ağır itkilər verərək qaçmasından və qalib türk əsgərinin oxuduğu marşlardan söz açmışdır. İsmayıl kişi də atasının xatirələrini əziz tutaraq qəlbində saxlamış, uzun illər heç kimlə bu haqda kəlmə kəsməmiş, 1991-ci ildən sonra müstəqillik qazanan Azərbaycanın yeni durumu onu da ruhlandırmışdır. Maraqlıdır ki, İsmayıl kişi xatirələrini söyləmək üçün ünvanlar axtaranda ilk ünvanlardan biri də məhz Ü.Hacıbəylinin ev-muzeyi oldu.

Muzeydə mənimlə görüşüb, öz xatirə dəftərini mənə etibar edəndə bu məni həm təəccübləndirmiş, həm də şərəfləndirmişdi. Doğrusu, uzaq illərin  xatirələrini, tarixi həqiqətlərini eşitmək mənim üçün gözəl bir şansböyük bir fürsət idi. İsmayıl kişi Türk Ordusunda oxunan marşları oxuyanda onun musiqi duyumuna, yaddaşına heyran oldum. Öz atasından diqqətlə öyrəndiyi marşları itib-batmasın deyə həvəslə mənimçün oxuyurdu. Mən royal arxasına keçib o, oxuduqca çalır, onun fikrini soruşurdum. O, bəzi yerləri təkrar-təkrar oxuyur, marşın melodiyasını mənim daha dəqiq mənimsəməyimi istəyirdi. Nəhayət, onun tam razı qaldığı zaman mən həmin marşları birsəsli olaraq not vərəqinə köçürdüm.

İsmayıl kişinin dilindən iki Türk-Osmanlı marşını nota salaraq, marşda səslənən şeirin ilk misralarına uyğun adlandırdıq: 1. Qafqaz dağı, yol ver bizə... 2. Səməd paşa əsgərlərin pədəri...

O zaman İsmayıl kişi ilə daha bir neçə görüşümüz olsa da, sonra əlaqəmiz kəsildi. Onun qocalığı və ailə problemi muzeyə gəlməsinə imkan vermirdi. Mən isə bu marşları redaktə edərək, orkestr üçün işlədimsə də, sona yetirmədim, daha sonra unutdum.

Lakin bir müddət sonra buna bənzər daha bir əhvalat oldu və muzeyə gəlmiş daha bir yaşlı kişi daha bir Osmanlı marşından soraq verdi. Təxminən 5 il əvvəl Bahadur Qasımoğlu adlı bir yaşlı kişi muzeyə gəlib, mənimlə tanış oldu və 1918-ci ildə Bakıya gələn Türk Ordusunun oxuduğuİzmirin çocuqları” marşının, o zaman gənc əsgər olan atasının yaddaşında saxladığını və uzun illər sonra oğlu Bahadur üçün oxuduğunu nəql etdi. Bahadur kişibu marşın unudulmaması üçün muzeyə gəlib mənimlə məsləhətləşmək istədi.

Mən yenə royal arxasında melodiyanı dəqiqləşdirib nota saldım. Muzeydən gedərkən tezliklə qayıdacağını deyən Bahadur Qasımoğlu hələ ki, qayıtmayıb. Lakin onun muzeyə hədiyyə etdiyi Osmanlı marşını biz Türk Ordusunun Bakıya gəlişinin 100 illik yubileyi ərəfəsində mətbuata təqdim etməyi qərara aldıq. Bəlkə bu marşlar haqqında daha nə isə bilənlər var... Elə olarsa, nə yaxşı.

 

Sərdar FƏRƏCOV

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru,

Azərbaycan Bəstəkarlar İttifaqının katibi

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.10.