Bir əsrlik tarixin zəfər anı
1918-ci ilin
15 sentyabrında Bakının
erməni-bolşevik işğalından
azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir
Sentyabrın 13-də Bakıda Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk
Araşdırma Mərkəzinin
birgə təşkilatçılığı
ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı
dövləti – Azərbaycan
əlaqələri və
Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
Prezident
İlham Əliyevin Cümhuriyyətin 100 illiyi
və “Cümhuriyyət
ili” haqqında sərəncamlarına əsasən
keçirilən simpozium
Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik
işğalından azad
etməsinin 100-cü ildönümünə
həsr olunub.
Forum iştirakçıları tərəfindən Fəxri
xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu
Heydər Əliyevin məzarı, həmçinin
Şəhidlər xiyabanı
və 1918-ci ildə Azərbaycanın müstəqilliyi
uğrunda mübarizədə
canından keçmiş
türk şəhidlərinin
xatirəsinə ucaldılmış
abidə ziyarət olunub.
Simpoziumun açılış mərasimində
çıxış edən
AMEA-nın prezidenti, akademik Akif Əlizadə
bildirib ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ
təşkil edir. AMEA-nın
rəhbəri 1918-ci il 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə
qardaşlığında müstəsna
əhəmiyyətə malik
olduğunu bildirib. O, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı
erməni-bolşevik qüvvələri
ilə mübarizə
apardığını, 15 sentyabr zəfərindən
sonra milli hökumətin Gəncədən
Bakıya köçürüldüyünü
və Bakının Cümhuriyyətin paytaxtı
elan edildiyini söyləyib.
Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudov Nuru paşanın komandanlığı altındakı
Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından
azad etməsinin tarixi barədə danışıb. Bildirilib ki, sovet dövründə bu önəmli tarix həmişə gizlədilir,
Nuru paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan
xalqına qarşı
soyqırımını həyata
keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu.
Bu gün Azərbaycan
müstəqil ölkədir,
tarixi həqiqətlər
olduğu kimi deyilir, yazılır, göstərilir.
Yüz il öncə
sentyabrın 15-də baş
vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan akademik Y.Mahmudov onun gerçəkləşməsinin bütövlükdə türk
dünyası üçün
böyük əhəmiyyət
daşıdığını əsaslandırıb. Qeyd edilib
ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş
yolu bu gün
Azərbaycanın və
Türkiyənin tarixi
bağlarını yaşadan
qəhrəmanlıq salnaməsidir.
Türkiyənin Atatürk Araşdırma
Mərkəzinin direktoru,
professor Mehmet Ali Beyhan
ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərindən
söz açıb,
AMEA Tarix İnstitutu ilə 10 ildən çoxdur ki, əməkdaşlıq etdiklərini
söyləyib. Professor
1918-ci ildə Qafqaz-İslam
Ordusunun rus-erməni işğalçılığına qarşı ölüm-dirim
savaşının tarixi
aspektlərindən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik
işğalından azad
olunmasında göstərdiyi
xilaskarlıq missiyasının
iki qardaş ölkə üçün
önəmini vurğulayıb. Səfir Çanaqqala
döyüşlərində də azərbaycanlıların
könüllü olaraq
iştirak etdiklərini
xatırladıb, bu dəyərlərin gələcək
nəsillərə çatdırılmasının
vacibliyini qeyd edib.
Türkiyənin mədəniyyət və
turizm nazirinin müavini Əhməd Haluk Dursun vurğulayıb
ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz və
dövlətçilik tariximiz
baxımından müstəsna
önəm daşıyır.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanın
və Türkiyənin
şərəfli tarixi
var. Biz zəngin və
şərəfli tariximizlə
həmişə fəxr
edir, sonsuz qürur hissi keçiririk. Bakının erməni-bolşevik işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna rolundan danışan Ə.Əhmədov
bu şanlı tarixin heç vaxt unudulmayacağını
vurğulayıb.
Beynəlxalq simpozium sentyabrın 16-dək
davam edəcək. Tədbirdə
Azərbaycan, Türkiyə
və digər ölkələrdən alimlərin
məruzələri dinləniləcək.
Mədəniyyət.- 2018.- 14 sentyabr.-
S.3.