Milli musiqi günü
qeyd ediləcək
Üzeyir
Hacıbəyli festivalının
açılışı Heydər Əliyev Sarayında keçiriləcək
Sentyabrın 18-i – dahi bəstəkar, Azərbaycan peşəkar
musiqisinin banisi Üzeyir Hacıbəylinin
doğum günü ölkəmizdə ənənəvi
olaraq Milli musiqi günü (“Üzeyir musiqi günü”) kimi təntənə ilə qeyd olunur. Bu dəfə də mədəniyyət tariximizin
bu əlamətdar günü müxtəlif
tədbirlər, mərasimlərlə
qeyd ediləcək.
Həmin gün Fəxri xiyabanda Üzeyir Hacıbəylinin, habelə
görkəmli mədəniyyət
və incəsənət
xadimlərinin məzarlarının
ziyarət olunacaq. Həmçinin
Milli İncəsənət
Muzeyinin bağında
yerləşən “Güllələnmiş
heykəllər” – Xurşudbanu
Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün bir vaxtlar Şuşada ucalan büstləri ziyarət ediləcək.
Ənənəvi olaraq Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının qarşısında
Üzeyir musiqi gününə həsr olunmuş tədbir keçiriləcək. Mərasimdə
Azərbaycan Dövlət
Xalq Çalğı
Alətləri Orkestri,
Dövlət Xor Kapellası, Müdafiə
Nazirliyinin Nümunəvi
Hərbi Orkestri çıxış edəcək.
Sentyabrın 18-də axşam Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi
keçiriləcək. Açılış
mərasimində Xalq artisti, dirijor Fəxrəddin Kərimovun
rəhbərliyi ilə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış
edəcək. Proqramda
Ü.Hacıbəylinin “Koroğlu”
operasından uvertüra,
C.Allahverdiyevin xor və orkestr üçün “Əbədi
sevgimsən” kantatası
(Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr olunur), digər əsərlər,
həmçinin Arif Məlikovun 85 illiyi münasibətilə görkəmli
bəstəkarın fortepiano və orkestr üçün konserti səslənəcək.
Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən festival
sentyabrın 26-dək davam edəcək. Festivalda Rusiya, ABŞ,
Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi
və kollektivlər iştirak edəcək.
Mədəniyyət.- 2018.- 14 sentyabr.-
S.3.