Avropa İrs Günləri”ndə ölkəmiz haqqında məlumat verilib

 

 

Avropa İrs Günləri” çərçivəsində Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində “açıq qapı” günü keçirilib. Mədəniyyət Mərkəzinin yerləşdiyi bina həm də Fransanın milli irs abidələri siyahısındadır.

Səfirliyimiz və Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə keçirilən “açıq qapı” günündə ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verilib.

Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan İncəsənət və Tarix Muzeyi ziyarətçilərin diqqətini daha çox cəlb edib. ADFA-nın prezidenti Günel Səfərova ölkəmizin və bu muzeyin tarixindən, mədəniyyətimizdən söz açıb. Muzeydə sərgilənən milli geyimlərimiz və zinət əşyaları, qədim musiqi alətlərimiz, milli xalça növləri, sənətkarlıq nümunələri, mis qablar və digər qədim eksponatlar haqqında ətraflı məlumat verib.

Bildirilib ki, XIX əsrin əvvəllərində iki imperiya arasında bölünən Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyini elan edib. Müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il olub. Keçən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyimiz yenidən bərpa edilib.

Ölkəmizin Beynəlxalq Sərgilər Bürosuna üzv olmasının 10 illiyinə həsr edilmiş və müstəqilliyimizin bərpasından sonra nail olduğumuz iqtisadi inkişafı əks etdirən fotosərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, Bakı “Expo 2025” Dünya Sərgisinə namizədliyini irəli sürüb. Azərbaycanın “Expo 2025” üçün təklif etdiyiİnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu aktualdır.

ADFA-nın vitse-prezidenti Loran Menil-Pultye Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın tarixindən, onun bir neçə ildir səfirliyimizin Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərməsindən söz açıb.

Təşkilatçılar ziyarətçilərin ölkəmizin tarixinə, mədəniyyətinə dair çoxsaylı suallarını cavablandırıblar. Maraqlananlara ölkəmizə səyahətlə bağlı məlumat da verilib.

“Açıq qapı” günündə həmçinin Ceyhun Eyvazovun ifasında zurna, balaban və tütəkdə “Sarı gəlin”, “Çoban bayatı” və digər milli musiqi nümunələrimiz səsləndirilib. Sonda ziyarətçilərə Azərbaycan mədəniyyəti, Qız qalası haqqında Heydər Əliyev Fondunun nəşrləri, eləcə də “İRS” jurnalının fransız dilində çap olunmuş nömrəsi paylanılıb.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.16.