Biləsuvarda Bayraq Muzeyi
istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 18-də cənub
bölgəsinə səfər
edib.
Dövlət başçısı Biləsuvar
rayonuna səfəri zamanı Bayraq Muzeyinin açılışında
iştirak edib. Prezidentə məlumat
verilib ki, ümumi ərazisi 400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla
sərgi zalından, inzibati və yardımçı otaqlardan
ibarətdir. Burada Azərbaycan
xanlıqlar dövrünün
xəritəsi, orta əsrlərə aid döyüşçüləri
əks etdirən manikenlər, xanlıqların
istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin
gerbləri, qədim
metal sikkələr, kağız
pullar sərgilənir.
Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan
SSR və müstəqillik
dövrlərində qəbul
edilmiş konstitusiyalar,
gerblər, bayraqlar, Silahlı Qüvvələrin
geyim formaları, ümummilli liderin andiçmə mərasimindən
fotoşəkillər, ulu
öndərin dövlət
rəmzləri haqqında
kəlamları, Prezident
İlham Əliyevin andiçmə, Bayraq meydanlarının açılışı
mərasimlərində çəkilmiş
fotoşəkilləri, poçt
markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir.
Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət
və istirahət parkında yaradılıb
və burada hündürlüyü 56 metr
olan bayrağımız
ucaldılıb, ətrafında
fəvvarə kompleksi
inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.
Prezident İlham
Əliyev Biləsuvarda Gənclər Evinin
açılışında da iştirak edib. Ümumi sahəsi 1200 kvadratmetr
olan bina öz funksionallığı ilə seçilir. Burada müxtəlif
tədbirlərin keçirilməsi üçün
256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs
zalının, internet-kafenin,
fotostudiyanın, vətənpərvərlik klubunun,
istedadların hazırlığı laboratoriyasının
yerləşdiyi Gənclər Evində şahmat,
rəsm, dizayn dərnəkləri, xarici dil və
danışıq klubu fəaliyyət
göstərəcək.
Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.2.