Xilaskar türk ordusunun Qubadakı yadigarları

 

 

 

Yolçu, dayan burda, düşün bu yerdə,

Soruş, Kimdir yatan bu tək qəbirdə?

O, bir türk zabiti, yarandı haqdan.

Sənin köməyinə gəldi uzaqdan...

Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları Quba rayonunun İqrıq kənd qəbiristanlığında uyuyan türk əsgərlərinin məzarı üzərində həkk olunub.

Bu qəbiristanlıqda 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun iki əsgərinin məzarı var. Həmin əsgərlər o vaxt Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.

2012-ci ildə İqrıq kəndində türk şəhidlərinin məzarı ətrafında xatirə kompleksi yaradılıb.

Kəndin sakini, tarixçi Şövkət Babayev bildirib ki, 1918-ci ilin aprel-may aylarında ermənilər İqrıq kəndində də evləri talan edib, sakinlərə divan tutublar. Ermənilərin törətdikləri qırğınların qarşısı Nuru paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla anırlar. Məzarların baş daşlarının birinin üzərində Əli, digərində isə Səfərəli adı qeyd olunub. Bundan başqa, daşlara əsgərlərin şəhid olduğu tarix də (1918-ci il) həkk olunub.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.15.