Astaranın Pensər kəndində türk zabitinin xatirəsi
anılıb
1918-ci ildə Qafqaz İslam Ordusunun türk və Azərbaycan hərbi qüvvələri daşnakların tərk-silah edilməsində, respublikamızın ayrı-ayrı bölgələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstəriblər.
Lənkəran-Astara bölgəsində baş verən belə döyüşlərdən birində türk zabiti Yusif Camal bəy azərbaycanlı igidlərlə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub. Türk şəhidinin məzarı Astara rayonunun Pensər kəndindəki “Hacı Teymur” cümə məscidinin həyətindədir.
Sentyabrın 15-də burada keçirilən tədbirdə rayon ictimaiyyətinin, ziyalıların və ümumtəhsil məktəblərinin kollektivləri iştirak ediblər.
Mərasimdə Prezident yanında Bilik Fondunun Astara “Bilik evi”nin mühazirəçisi, filologiya elmləri doktoru Mehman Qaraxanoğlunun “Azərbaycanın cənub bölgəsi Cümhuriyyət dövründə” mövzusunda məruzəsi dinlənilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova, Pensər kənd 2 nömrəli tam orta məktəbin direktoru Faiq Həsənov, tarix müəllimi Yədulla Mirzəyev və başqaları çıxış edərək Xalq Cümhuriyyətinin tarixində Qafqaz İslam Ordusunun oynadığı roldan danışıblar. Vurğulanıb ki, Pensər kənd ağsaqqalı Hacı Osman türk zabiti Yusif Camal bəylə birlikdə könüllülərdən ibarət yerli döyüşçülərin səfərbərliyə alınmasında fəallıq göstərib.
Mərasimdə məktəblilərin ifasında
hərbi-vətənpərvərlik mövzusunda
şeirlər oxunub. Tədbir
iştirakçıları Hacı Osman və
Camal Yusif bəyin məzarları
önünə gül dəstələri
düzərək xatirələrini ehtiramla
yad ediblər.
Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.15.