Dastan İnsan…
Şəxsiyyəti
yaradıcılığından,
yaradıcılığı şəxsiyyətindən
maraqlı Hadisə-Adam – Adil İsgəndərov
Əzəmət,
kişilik, ləyaqət, qeyri-adi cəsarət!..
Zənnimcə, bu sənətkarın adı qarşısına, rəsmi-direktiv titullarından öncə, bu kəlmələri yazıb-söyləmək gərək.
İşini itirməkdən heç vaxt qorxmamış bu sənət cəngavərini itirməkdən ehtiyatlanarmışlar...
Onu sevməmək mümkün deyilmiş – hətta düşmənləri belə! Ona düşmən münasibətin özülündəsə yalnız paxıllıq...
Əleyhdarlarının yeganə “arqument”-tutarğaları da buymuş ki, hazırladığı tamaşaların hamısına mütləq “milli ruh pərçimləyir”, öz periferik teatrını “böyük qardaş”ımızınkından yuxarı görür və s.
Bu “danos”ların özü də onu ilhamlandırırmış.
Çünki...
Əslində, o, bir bəy oğlu bəy idi. Nəslinin soyadı da İsgəndərbəyli imiş – bolşevizmin “bəy-xan” allergiyasına rəğmən “ov”laşmalı olublar. Öz adısa qrammatik zədə də alıb; ilk sənədində Ədil ikən, “Adil” olub.
Tezliklə qazanacağı böyük sənət adlarınasa mane ola bilməyiblər; ağlı kəsəndən teatra meyillənib, on yaşından Gəncədəki özfəaliyyət dərnəyinə qoşulub, üç il sonra (baş rolu özü oynamaqla) “Qaçaq Kərəm”ə quruluş verib və tamaşanın professionallıq elementlərini görən yaradıcı yaşlılar onu Bakıya göndəriblər.
Teatr texnikumunu əla qiymətlərlə bitirən gənc təhsilini davamçün Moskvaya (Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutuna, ardınca qısamüddətli rejissorluq təcrübəsi üçün Bədaye Teatrına) gedib. Qayıtdıqdan bir müddət sonra “Azdram”ın baş rejissoru (27 yaşında), sonra direktoru olub. Burada qeyri-adi fəaliyyət, bənzərsiz tamaşalar, analoqsuz sənət-şəxsiyyət duallığı və nəhayət, sənət ictimaiyyətinin dilində: “İsgəndərov teatrı”, “camaatın bilet tapa bilmədiyi teatr”, “serial anşlaq” kimi deyimlər.
“Əmma”, sən demə, bayırdakı sovet rejimi səhnəsində onun teatr erasına nöqtə qoyası başqa plan-filan dramlar hazırlanırmış...
Bəli, o, sənətin səhnə zirvəsinə yenicə çatıbmış ki, siyasi zirvədən “bir adam iki vəzifə daşıya bilməz” qərarı gəlir və “ya rejissor, ya direktor” seçimi (bununla da, hansısa bir müvəqqəti bürokratın əbədi sənətə müdaxilələri şəraitində işləmək “perspektiv”i) qarşısında qalan bu azman teatrdan birdəfəlik gedir.
Ancaq... bu teatrdakı baş “opponent”lərindən Ə.Ələkbərov rəhmətə gedəndə – bundan öncələr söz düşdükcə “Ələsgər Ələkbərov böyük sənətkardır” dediyi tələbələrini yığıb aparır “Azdram”ın qarşısına və (“mən çıxdığım yerə ikinci dəfə ayaq basmıram” fikrilə) onları da iki-üç saat tufanlı çöldə saxlayır. Cənazə teatrdan çıxarılandasa böyük hüzn və ehtiramla çiynini verir tabut altına...
Bu qürur, bu ağayanalıq onda tək elə bəy balası olması ilə əlaqədar deyildi, bu, Allahdan-anadangəlmə bir vergi idi. Nəinki bizim “Azdram”-“Azərbaycanfilm”də, hətta, “Mosfilm”-“Lenfilm”də belə onunla rastlaşanlar sövq-təbii kənara çəkilib ehtiramla yol verərmişlər...
Yuxarıdan enən “filan filmə filankəsi çək”, “bəhmənkəsə rol ver” kimi göstərişləri öz ağırbatman, “daşdan keçən” laqeydliyilə yola verər, “daşdəmir”lərisə: “Qadam, bəlkə mənim görmə qabiliyyətimdən şübhələnirsiz?..” kimi sözlərlə yumşaldıb, sözlərini “geri oxudarmış”.
Bir gün də AKP MK-nın II katibi Kozlov zəng edir ki, erməni və yəhudi dostlarından birinə rol versin, o birini rejissor köməkçisi eləsin. Aralarındakı uzun mükalimə-mübahisə daim haqq danışan bu sənət adamının: “Yoldaş Kazlov, yaxşı olar ki, bütün xalqın gözü qarşısından keçən kino-kadrlar haqda yox, iki gündür üçüncü mikrorayon sakinlərini susuz qoyan məsuliyyətsiz kadrlardan danışaq” ironiyası ilə bitir və beləliklə, onun kino erası da sona yetir...
“Despot”?..
Hə, onun qazandığı adlardan biri də belə
imiş. Nə var-nə var, nizam-intizam onunçün
hamıdan və hər şeydən əfzəlmiş.
Məşqlərinə heç kim gecikə
bilməzmiş. Sözü bir dəfə deyərmiş.
Bu qədər həlim, demokratik bir sənətkar
ən amansız diktatorlar qədər zəhmli imiş; cavan
kinoçular onunla rastlaşanda siqareti ciblərində
söndürərmişlər. Bu “despot”
tamaşadan sonra aktyorların dərhal
avtobus-tramvay-trolleybuslarla evə getmələrinə də nəzarət
edir (etdirir), hətta onların, “xalq nəzərindən
düşməmələri üçün”, bazar-dükan tələbatlarını
sürücülərə (və səhnədə
görünməyən işçilərə)
gördürürmüş.
Amma
çəkiliş meydançalarında tam fərqli adam olurmuş; rejissorların ən
“balaca”sı da nə deyirmişsə, bu böyük direktor
ona qeyd-şərtsiz əməl edirmiş.
Bir
gün də Mircəfər Bağırova “donos”layırlar ki,
“Vaqif” pyesindəki (və hazırlanmaqda olan
tamaşasındakı) başkəsən, qaniçən
Qacar onun prototipidir...
Pyesin şıdırğı məşqləri məqamında
A.İsgəndərova xəbər gəlir ki, “Yoldaş
Bağırov (zalda başqa heç kəsin olmaması şərtilə)
tamaşaya baxacaq”. S.Vurğun və A.İsgəndərov çox həyəcan
keçirməyə, tamaşanın yaxşı
alınması üçün (o dövr
“işıqçı”larından birinin ifadəsilə desək)
“əllərindən gəlməyəni belə etməyə”
başlayır və premyera günü evdən “əlvida”
ab-havasıyla çıxırlar.
Salonda
müəlliflərin (“görəsən, razı
qalacaqmı?”), bayırda donosçuların (“maşına
basıb apartdıracaqmı?!.”) gərgin
“gözləmə” dəqiqələri...
Yox, bu dəfə
sənət siyasətə dov gəlir; Bağırov əlçalma
və təbəssüm kimi “xırdalıqlar”a yol verməsə
də, sonda səhnəyə çıxan (və yerlərində
donub qalan) aktyor heyətinə təşəkkür edib
çıxır. Və ertəsi gün “A.İsgəndərov
yoldaşa xidməti maşın, 39 yaşında “Azərbaycan
SSR Xalq artisti” adı verilir...
On il sonra SSRİ Xalq artisti adı ilə təltif
edilir.
Günü bu gün də böyük şövqlə
söyləyənlər var ki, cavanlığından
yalnız yüksək sənət postlarında, qeyri-adi təşkilatçılıq,
qabiliyyət və istedad dərəcələrində
olmuş Ədil müəllim hamı ilə yalnız və
yalnız ATA kimi danışırdı. Bu bir faktdır ki, Azərbaycan
milli teatr səhnəsi tarixində Adil İsgəndərovun
quruluş verdiyi tamaşalar qədər duruş gətirəni
olmayıb; onun “Vaqif”i 1200, “Fərhad və Şirin”i 500,
“Xoşbəxtlər”i 400 dəfədən çox
oynanılıb...
Bu nəhəng
sənət fədaisi ilə, bu “Atom-Adam”la (aktyor Elxan
Qasımovun - “Əhməd”in sözüdür) bir yerdə
çalışanlar, dostları, tələbələri,
qısası - təmasda olmuş hər kəs onun haqqında
yalnız böyük sayğı hislərilə, bənzərsiz
məhəbbət, xoş xiffət duyğularıyla
danışır. “Bir gün Ədil müəllim mənə
dedi ki, qadam, şöbəndəki işçilərə
qarşı bir də belə kobudluq etmiş olsan, səninlə
xudahafizləşəcəyimə görə üzr istəməli
olacağam...” deyən, sovet beynəlmiləlçiliyinin
“aktyor mübadiləsi” sahəsində də çiçəkləndiyi
vaxtlarda şəstlə kabinetinə girib, “Ədil müəllim,
istəyirəm yeni filmimdəki baş rollara Moldova, Gürcüstan
və Özbəkistan aktyorlarını dəvət edim” -
elanlayan rejissoru “Bəlkə mən də bu filmə Moskvadan
rejissor dəvət edim?” dilemması qarşısında qoyan
Ədil müəllim...
Həm də
unikal pedaqoq
Özü
də tək elə qapı-qapalı auditoriyalarda yox,
“çöl”, “həyət” də adlandıra biləcəyimiz
həyat dairələrində! Başqa müəllimlərin
“jurnal”larındakılardan tək elə keyfiyyətcə yox,
kəmiyyətcə də fərqlənən tələbələrinin
fikir-qənaətlərini belə də ümumiləşdirmək
olar ki, Adil müəllim ömrü uzunu tək elə teatr,
kino sənətimizin yoluna deyil, bizim də həyat-sənət
yolumuza işıq saçmışdır. Müəyyən qədər “neytral”, tarixi “şəxsiyyətə
pərəstiş” pleyadasından çəkinən mütəxəssislər
isə onun Azərbaycan incəsənətinin inkişafı
üçün böyük məktəb
yaratdığını ağızdolusu, qələm bolusu bəyan
edirlər.
Onun bu Yolu xronoloji hesabla 40 ilə yaxın, mədəni-mənəvi
arşınla isə çox uzun. Bu fenomen həmin o
dörd onilliyi büsbütün böyük teatr və ekran
aləmimizin inkişafına, milli-mənəvi dəyərlərimizin
qorunub artmasına sərf edib. Özü də hər
addım, hər hərəkət, hər nəfəsdə
milli olmaqla, ruhundan güc və eşq aldığı
xalqına böyük sevgilərlə!..
1910-cu il mayın 5-də Gəncədə
doğulmuş Adil İsgəndərov bütün parametrlərilə
gəncəli idi. Cavad xan kimi ağırtəbiətli, zabitəli,
Nizami Gəncəvi kimi fitri, fenomenal istedadlı, Fikrət
Əmirov sayaq makro-fantaziyalı, saysız-hesabsız
oralılar kimi - bütün canı-qanı ilə milli!..
Bu dəm
hiss etdim ki, dodaqlarıma xoş bir təbəssüm qonub və
əlbəəl də onun həmin xarakterik keyfiyyətlərindən
biri haqda kiçik bir “arayış” verməyə ehtiyac
duydum. Belə ki, o, həmişə qeyri-adi,
özünəməxsus zarafatları ilə insanlara xoş
ovqat bəxş etməyə can atarmış. Onun hədsiz
zabitəliliyindən danışanlar bunu da mütləq qeyd
edirlər ki, Ədil müəllimlə təmas yaratmaq asan
olmadığı kimi, yaxınlaşdıqdan sonra aralanmaq da
müşkül iş imiş. Tanınmış
aktyor Əbdül Mahmudov deyir “Əsl “KÖHNƏ
KİŞİLƏR” təbiəti vardı onda.
Ədil müəllim anadan və Gəncədən gətirdiyi
bu “köhnəliklərlə” Bakıda, Moskvada və ondan
savayı heç kimin gəzişə bilmədiyi
qeyri-coğrafi ünvanlarda əxz etdiyi yenilikləri elə
sintez, elə “montaj” edirdi ki, bütün teatr-kino aləmi onu
“dubl”suz anlayırdı...”
Onun hər səhnə quruluşu dövrün ən əlamətdar
hadisəsi kimi qiymətləndirilir, onun gəlişilə
ölkənin teatr həyatında yeni və coşqun bir sənət
mühiti formalaşmağa başlayır. Çağdaşlarının
yazı və söhbətlərinə görə, bu
rejissorun hər mizan-düzənində bir yenilik varmış
- dekorasiyalardan tutmuş, aktyor oyununa, ümumi kompozisiyaya,
klassik ənənələrin yeni formada təqdimatına qədər.
Bu çox maraqlı mənzərəyə Ələsgər
Ələkbərovun şaqraq, Hökümə Qurbanovanın
məlahət dolu səsləri, başqa korifeylərin
qeyri-adi jestləri bu “Atom-Adam”ın “partlayış”
quruluşlarına əsrarəngiz ovqat gətirirmiş...
Adil İsgəndərovun tamaşaları
orijinallıqdan əlavə, milli faktura və
monumentallığı ilə də fərqlənib. Mütəxəssislər
buna misal olaraq, əsasən, “Xanlar”, “Fərhad və
Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”,
“Şərqin səhəri”, “Otello” və s. tamaşaları
qeyd edirlər. Onun tamaşalara aktyor seçmək
məharəti və təşkilatçılığı
“bir baxışla”, “bir kəlmə ilə” kimi deyimlərlə
ifadə olunurmuş.
...Beləliklə,
o çağ tənqidinin bu sənətkarla bağlı
“dövrün mərhələsi” qənaətini belə
redaktələmək də olar; Ədil İsgəndərov –
əbədi mərhələ!..
Bu ölkənin
bütün teatr-kino mütəxəssisləri sənətdə
fenomenal yaradıcı, həyatda total nüfuz-nüfuzedicilik
sahibinin hazırladığı tamaşaların
hamısını, oynadığı obrazlarınsa əksəriyyətini
“hadisə” kimi dəyərləndirmişlər.
Ad-soyadını işlədiyi ünvanların “təyininə”
çevirmələri, rejissurasını “məktəb” adlandırmaları
da öz yerində...
“Nəsimi”də
Teymurləng obrazına onu təsdiqləyirlər, xeyli də
çəkiliş gedir, bəyənilir və... məqamların
birində “stop” edərək deyir: “Yox, bütün hallarda bu
obrazı Yusif Vəliyev məndən üstün
canlandırar. Onu çağırın...”
Eləcə də “Dəli Kür”dəki Cahandar ağa. 240 metrlik lenti
yarımçıq saxlatdırıb deyir, bu rola Ələddin
Abbasov daha uyğundur.
...Sevdiyi
yeməkləri hərdən özü bişirərmiş. Son dəfə bişirdiyi pitini yeyərkən
qardaşı qızı deyir, “Nizami” kinoteatrında
yaxşı kino var, gedək baxaq. O: “qadam, siz gedin
baxın, mən də gəlişinizə bir qəşəng
çay dəmliyərəm, içərik”.
Bir azdan
ürəyi sancır, çağırışa çox ləng
gələn “təcili yardım”çılar bir-iki iynə
vurub “orqanizmi iynəni qəbul etmir” deyə,
çıxıb gedirlər. Onlar öz iş yerlərinə,
bu böyük sənətkar isə o dünyaya...
Və
dünyadəyişiminin (1978) 40-cı
ildönümünü andığımız bu Bütöv
Azərbaycan Dastan-Adamı haqda altmış il
öncə öz doğma yurdunda bünövrələnmiş
bir –
Xatirə
Bunu
ünlü rejissorumuz Tofiq Kazımov və bənzərsiz
aktyorumuz Həsənağa Salayevlə otuz səkkiz il bundan əvvəlki müsahibəmdə
eşitmişəm.
Ədilin məşhuri-cahan vaxtları. SSRİ Dövlət mükafatı təltifatını “yumaq” üçün yığışıb gedirlər Gəncəyə. Hələ “müharibə istisi”nin soyumadığına baxmayaraq, onun çəki-zəkisini bilənlər onları yaxşıca qonaqlayırlar. Ancaq... qayıtdıqları günün axşamı bu tarixə düşəsi məclisin səbəbkarının ağzıdualı anası sevimli oğluna daha munis dost hesab etdiyi H.Salayevi bir qırağa çəkib nə desə yaxşıdı? Bəs, “ay oğul, sən imamzada, bizim bu Ədilə denən yığışsın gəlsin ev-eşiyinə! Mal-davara ot-əncər gətirənimiz yoxdu. Mən nə qədər deyirəm, eşitməzliyə vurur. Sən de. Deginən axı nə var ey o şəhərdə?!.”
Tahir ABBASLI
Mədəniyyət.-
2018.- 19 sentyabr.- S.12.