TRT tarixi günü bayram proqramı ilə qeyd edib

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və Bakının işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə Ankarada Türkiyənin TRT kanalının təşkilatçılığı ilə bayram mərasimi keçirilib. Layihənin rəhbəri TRT-nin baş direktoru İbrahim Erendir. Proqram “TRT Avaz” telekanalı və Azərbaycanın İctimai Televiziyası vasitəsilə yayımlanıb.

Proqram Qafqaz İslam Ordusunun tarixi rəşadətini əks etdirən filmin nümayişi ilə başlanıb. Sonra Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Qafqaz İslam Ordusuna vəfa” adlı geniş bayram konsertində orkestrə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib. TRT-nin xoruna dirijor Elnarə Kərimova rəhbərlik edib. Xalq artistləri Azər Zeynalov, Azərin, Əlixan Səmədov (balaban), Abdulla Qurbani (tar) və başqalarının çıxışları alqışlarla qarşılanıb.

Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Çırpınırdın, Qara dəniz”, Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoğlunun “Şükriyyəm”, Muammer SununSakarya marşı” və “Karadeniz marşı”, Aygün Səmədzadənin “Türk Ordusuna” və “Bismillah” əsərləri səsləndirilib. Təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Səid Ordubadiyə məxsusdur.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.9.