İstirahət, yoxsa
yaradıcılıq?
İsti yay günləri arxada qaldı. Yaradıcı insanlar bu fəslin qorabişirən günlərində istirahət üçün münasib guşələrə çəkilərək həm dincəlir, həm də öz təblərinin diktəsini qələmə alırlar. Payızın bir addımlığında bəzi yazarlarımızla əlaqə saxlayıb yaradıcılıqları ilə maraqlandıq.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca qısaca bildirdi ki, şair hər zaman düşünür və yazır. O, müxtəlif mövzulu şeirlər qələmə aldığını diqqətə çatdırdı.
AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, yazıçı-kinodramaturq İlqar Fəhmi yeni pyesinin tamaşaya hazırlandığını dedi. Bundan əlavə, televiziyalardan aldığı serial təklifləri ilə bağlı bir neçə ssenari üzərində çalışır, eyni zamanda tarixi mövzuda roman və pyeslər qələmə alır. Yazıçı Azərbaycan Televiziyasında yayımlanan “Məclisi-üns” ədəbi verilişinin aparıcı-redaktoru kimi tamaşaçıları düşündürən və tələbat olan mövzularla bağlı araşdırmalar da aparır.
Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli bildirdi ki, son zamanlar iki roman üzərində paralel işləyir: “Hazırlığını başa çatdırdığım roman Şah Təhmasibin qızı Pərixan sultan barədədir. İkinci romanım isə “Komadakı adamın dedikləri” adlanır və paralel dünyalar haqqındadır. Hazırda “Qarabağ hekayələri” silsiləsindən “Gözünə gün düşür” kitabım “Yeni poliqrafist” nəşriyyatı tərəfindən çapa hazırlanır və oktyabrın sonlarında təqdimatı nəzərdə tutulur. Litvada nəşr olunan hekayələr kitabımın noyabr ayında Vilnüsdə təqdimatı planlaşdırılır. Bununla bağlı Litvaya getmək fikrindəyəm. Hekayələrdən ibarət kitabımın Tiflisdə nəşri üçün danışıqlar gedir”.
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli vurğuladı ki, bir qayda olaraq yeni pyeslərini yay aylarında yazır. Tamamladığı bir neçə əsər də var və hazırda yeni bir pyes üzərində işləyir. Yeni teatr mövsümü Əli müəllim üçün xüsusilə əlamətdardır. Belə ki, müəllifin “Ah, bu uzun sevda yolu” adlı yeni pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilir. Əsər teatrın sifarişi əsasında qələmə alınıb. Tamaşanın premyerası sentyabrın 28-də baş tutacaq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 19
sentyabr.- S.10.