Kollektivdə sağlam
mühit hər zaman işin xeyrinə olur
Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi və rəhbərliyi seçilib
Sentyabrın 14-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi. İclasda mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edirdi.
İclası mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının 131 nəfər üzvü var. Onlardan 115 nəfər iclasda iştirak edir. Üzrlü səbəblərə görə iclasda 16 nəfər iştirak etmir.
İclasın katibi seçildikdən sonra növbədənkənar iclas işə başladı.
Gündəlikdə duran məsələlər elan olundu: Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin, komitənin sədrinin, sədr müavinin, eləcə də Təftiş komissiyasının üzvlərinin və Təftiş komissiyası sədrinin seçilməsi.
Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin 9 nəfərdən ibarət tərkibi seçildi. Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədov Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi. Komitənin tərkibi – sədr, sədr müavini və üzvləri təsdiq edildi.
Daha sonra Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının Təftiş komissiyasının tərkibi təsdiq edildi, Lalə Fərəcova komissiyanın sədri seçildi.
İclasda çıxış edən Vüqar Şixəmmədov ona göstərilən etimada görə hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, bundan sonra da həmkarlar ittifaqı olaraq əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının daha səmərəli təşkili üçün çalışacaqlar.
İclasın yekununda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev həmkarlar ittifaqının işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: “Həmkarlar ittifaqı kimi işçilərin fikirlərini ifadə edən belə bir qurumun fəaliyyətinin daha da gücləndirilməsi bizim üçün olduqca vacibdir. İnanıram ki, yeni seçilmiş tərkiblə yeni məsələlər, yeni ideyalar gündəmə gələcək. Kollektivdə sağlam mühitin saxlanılması, əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün daha da artırılması istiqamətində önəmli işlər görüləcək. Çünki kollektivdə sağlam mühit hər zaman işin xeyrinə olur, iş prosesinə müsbət təsir göstərir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi vacibdir”.
Əbülfəs Qarayev hər il nazirliyin kollektivinə gənclərin işə qəbul edildiyini vurğulayaraq bildirdi ki, təcrübəli kadrlarımız onların mədəniyyət sahəsini daha dərindən bilmələrinə yardımçı olmalı, öz təcrübələrini onlarla bölüşməlidirlər.
Nazir əməkdaşların işə davamiyyəti, nizam-intizam, daxil olmuş sənədlərin vaxtında həll olunması kimi məsələlərə daha da diqqətlə yanaşılmalı olduğunu bildirdi.
Əbülfəs Qarayev mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə kollektiv iştirak, kollektivlər arasında idman yarışları, müsabiqələrin təşkil olunmasının vacibliyini də qeyd etdi.
Nazir sonda bir daha qeyd etdi ki, komitə bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Əbülfəs Qarayev hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
FARİZ
Mədəniyyət.- 2018.- 19
sentyabr.- S.6.